Rafael Ağayev Tokio Olimpiadasının gümüş medalını qazanıb.
Oxu.Az xəbər verir ki, o, qrupda uduzduğu Luici Buza ilə bu dəfə də bacarmayıb. Ona yuko balı ilə 0:1 hesabı ilə uduzan 36 yaşlı karateçimiz Azərbaycana ilk gümüş medalı qazandırıb.
Bununla da Azərbaycanın rəsmiləşən medallarının sayı dördə çatıb. Daha əvvəl idmançılarımız üç bürünc medal qazanmışdı.
16:20
Rafael Ağayev ilk dəfə Olimpiadanın proqramına salınan karatedə finala çıxıb.
Oxu.Az xəbər verir ki, o, macar Qabor Harşpatakiyə 7:0 hesabı ilə qalib gələrək finalda görüşmək hüququ əldə edib.
Onun rəqibi Luici Buza (İtaliya) – Stanislav Qoruna (Ukrayna) cütünün qalibi olacaq.
Tokio Olimpiadası: Rafael Ağayev gümüş medal qazandı - FOTO/VİDEO + YENİLƏNİB
14:55
Rafael Ağayev yer aldığı qrupu ikinci yerdə başa vurub.
Oxu.Az xəbər verir ki, o, qrupdakı son görüşündə əsas rəqibi, ikiqat dünya və beşqat Avropa çempionu Luici Buzaya (İtaliya) 1:3 hesabı ilə uduzub.
Bununla da Rafael Ağayev qrupu altı xalla ikinci yerdə başa vurub. Onun yarımfinaldakı rəqibi A qrupunun lideri Qabor Harşpataki (Macarıstan) olacaq. Onun görüşü bu gün Bakı vaxtı ilə saat 15:22-də başlayacaq.
14:25
Rafael Ağayev Tokio Olimpiadasında azı bürünc medalı özünə təmin edib.
Oxu.Az xəbər verir ki, o, qrupda Nurqanad Ajikanova (Qazaxıstan) 3:2 qalib gəlib və yarımfinala vəsiqəni rəsmiləşdirib.
Bu isə o deməkdir ki, Rafael Ağayev azı bürünc medalı qazanıb.
13:50
Rafael Ağayev çıxış etdiyi qrupda ikinci qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, o, Avstraliyanı təmsil edən yapon əsilli Suneri Yahiroya 5:0 hesabı ilə qalib gəlib.
Hazırda Rafael Ağayev və italiyalı Luici Buza qrupda ilk iki sırada qərarlaşıb və yarımfinala yüksəlmək üçün yaxşı şans əldə ediblər.
12:34
Azərbaycan karateçisi Rafael Ağayev Tokio Olimpiadasında mübarizəyə başlayıb.
Oxu.Az-ın xəbərinə görə, 75 kq çəki dərəcəsində yarışan Rafael Noa Biçlə (Almaniya) qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, onun növbəti rəqibi Suneari Yahiro (Avstraliya) olacaq. Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
Səbuhi Musayev