İyl
2022
18:31
149
14
1456
Virtual karabakh

Azərbaycanda cüdonun 50 ili tamam olur: Bu idmanın fəlsəfəsi nəyə dayanır? - ARAŞDIRMA

9 İyl, 2022
18:31
1456

Azərbaycanda cüdonun 50 ili tamam olur: Bu idmanın fəlsəfəsi nəyə dayanır? - ARAŞDIRMA

“Yuko”, “vaza-ari”, “ippon”, “hacime”... Bu sözlər yapon sözləri olsa da, milliyyətindən asılı olmayaraq hər bir idmançı üçün ümumişlək sözlərə çevrilməyə başlayıb. Bu yapon sözləri artıq müasir dünyamızda tək idman terminini özündə ehtiva etmir, həm də ağılla gücün birgə vəhdətinin formulunu bizə təqdim edir. Biz bu gün böyük fəlsəfəyə malik olan, Yaponiya döyüş növü olan cüdodan bəhs edəcəyik.

Cüdonun yaranması ehtiyacı haradan əmələ gəldi?

Cüdoyadək Yaponiyada bir sıra şərq döyüş növləri hökmranlıq edirdi. Bunlardan ən məşhuru hazırda populyarlığını Braziliya ciu-citsusuna təhvil vermiş Yaponiya ciu-citsusu idi. Yaponiyanın hər bir yerində ciu-citsu ilə məşğul olanlara, bu idman növünün məktəblərinə rast gəlmək olurdu. Lakin ciu-citsu ilə məşğul olanlar mütəmadi olaraq zədə alır, bu səbəbdən idmandan istədikləri həzzi ala bilmirdilər. Belə desək, həmin idman növü sağlamlıqdan çox, insan həyatına təhlükə yaradırdı. Digər bir məsələ isə ondan ibarət idi ki, fiziki cəhətdən güclü olan şəxslər zəif cüssəli şəxslər üzərində rahatlıqla dominantlıq edə bilirdi. Məhz bunun qarşısını almaq üçün yeni fəlsəfəyə ehtiyac vardı...

1860-cı ildə Yaponiyanın kiçik şəhərciyində varlı olmayan samuray ailəsində anadan olmuş Kano Ciqoro adlı kiçik boylu (1.57 metr), az çəkili (41 kq) bir oğlan özünü müdafiə etmək üçün idmanla məşğul olmaq qərarına gəlir. Ailəsinin dostlarından olan Nakai Bayseyin məsləhəti ilə ciu-citsuya yazılır. Onda Kanonun 17 yaşı vardı.

Onu hər zaman özündən fiziki cəhətdən qüvvətli olan idmançılara necə qalib gəlməyin yolları düşündürürdü. Ciqoro evdə bunun üzərində xüsusi məşq edirdi. O özündən ən ağır rəqibini güləşməyə dəvət edir. Rəqibi yerində dayanan, hücum etməyən Ciqoronun üzərinə gəlir. Kano bunu gözləyirdi və dərhal hücum edən rəqibinin qolundan tutub, ona qarşı yarım dönmə fəndini icra edir. Eyni zamanda onun qıçlarını dizlərdən büküb, ikinci əli ilə tarazlığını itirmiş rəqibini itələyir. Ağır çəkili idmançı kürəyi üstə yerə yıxılır. “Kudzuşi” adlandırılan bu texnika cüdoda atmanın əsas fazasını təşkil edir. Bu texnikanın əsas qayəsi özündən qüvvətli rəqibinə qarşı yerindən tərpənmədən, rəqibinin üzərinə gəlməsini gözləyərək, çox qüvvə sərf etmədən ona qalib gəlməkdir.

1879-cu ilin avqustun 5-də ABŞ Prezidenti Uliss Qrantın Yaponiyaya səfəri zamanı onun qarşısında ciu-citsu hərəkətləri nümayiş etdirmiş Ciqoro 1882-ci ilin fevralında Eysöçi məbədində öz cüdo məktəbini açdı. Bura indi bu idman növünün “Məkkə”si və ya “Qüds”ü hesab olunan, bütün cüdoçuların ömründə bir dəfə ziyarət etmək istədiyi Kodokan cüdo məktəbidir. Məhz Kodokanın açılışı dünyada cüdonun yaranması kimi qəbul edilir. “Cü” yüngül, zərif, “do” isə yol deməkdir.

Cüdonun bütün Yaponiyada populyarlığı isə 1886-cı ilə gedib çıxır. Bütün ciu-citsu məktəbləri arasında keçirilən yarışda onun məktəbinin nümayəndələrindən 13-ü qalib gəlir, 2-si isə heç-heçə edir. Bundan sonra cüdo ordu, polis, sonralar isə təhsil müəssisələrində tədris olunmağa başlandı. Cüdonun Avropada yayılması isə 1889-cu ildən başlayıb. Ciqoro Avropaya səyahət edərək orada öz məktəbinin filiallarını açdı.

Ciqoro 1938-ci ildə vəfat etdiyindən, cüdonun Olimpiadada yer almasını görə bilmədi. Baxmayaraq ki, cüdonun 1940-cı il Tokio Olimpiadasında yer alması nəzərdə tutulmuşdu və Beynəlxalq Olimpiya Komitəsinin ilk asiyalı üzvü olan Ciqoro bu yarışı təşkil etməliydi. Lakin 1938-ci ildə Yaponiyanın Çinlə müharibəsi səbəbindən həmin Olimpiadanın keçirilməyəcəyi elan olundu (daha sonra II Dünya müharibəsinə görə həmin ildə ümumiyyətlə Olimpiada baş tutmadı).

1943-cü ildə yaponiyalı rejissor Akira Kurosava tərəfindən “Cüdo dahisi” (“Sanshiro Sugata”) adlı film çəkilib. Orada cüdonun necə yaranması nümayiş etdirilib.

Ciqoronun ölümündən 13 il sonra - 1951-ci ildə Beynəlxalq Cüdo Federasiyası, 1952-ci ildə isə Avropa Cüdo Birliyi yaradıldı. Sambosu ilə öyünən keçmiş SSRİ-də isə cüdo hələ 20 il sonra təşəkkül tapacaqdı.

Cüdoda çəki dərəcələri necə yarandı?

1956-cı ilin mayın 3-də Tokioda cüdonun ilk dünya çempionatı keçirildi. Bu yarışda 21 ölkədən 31 idmançı mübarizə aparırdı. 1958-ci ildə Tokioda bu yarış yenə təkrarlandı. Bu dəfə atletlərin sayı 39-a qalxmışdı. Əvvəlcə cüdoda çəki dərəcələrinə bölünmə yox idi. Yarış bir gün ərzində və mütləq çəkidə keçirilirdi. Hər iki dünya çempionatında yaponlar – Sokiçi Natsui və Koci Sone qalib gəlmişdi. Lakin...

Veteranlardan ibarət milli komandamızın baş məşqçisi, veteranlar arasında doqquzqat dünya, səkkizqat Avropa çempionu Fərhad Rəcəbli buna aydınlıq gətirir. Onun sözlərinə görə, 2010-cu ildə dünyasını dəyişmiş, 1956-cı ildə keçirilmiş ilk dünya çempionatının bürünc mükafatçısı Anton Xesinkin çıxışı hər şeyi dəyişib:

“1961-ci ildə Parisdə keçirilmiş üçüncü dünya çempionatında niderlandlı Anton Xesink gözlənilmədən yaponlara qalib gəldi. Onun 1.98 metr boyu, 120 kq çəkisi vardı. Finalda əvvəlki dünya çempionu Koci Soneni məğlub etdi. Onun boyu hündür, rəqiblərində isə alçaq idi. Bu səbəbdən də Xesinklə bacarmaq asan deyildi.

Bu, yaponların reputasiyasına xələl gətirdi və onları məcbur etdi ki, çəki dərəcələri sistemini yarışlarda tətbiq etsinlər. İlk çəki dərəcələrinin təsnifatı da belə aparıldı: -68 kq, -80 kq, +80 kq və mütləq (Open) çəki dərəcəsi. Daha sonra bu, beş çəki dərəcəsinə qaldırıldı. Çəki dərəcələri 1964-cü il Olimpiya Oyunlarından etibarən ilk dəfə tətbiq olunmağa başlandı. Bununla belə Xesink həmin Olimpiadada mütləq çəkidə və 1965-ci ildə Braziliyada keçirilmiş dünya çempionatında +80 kq-da qızıl medal qazanmağı bacardı”.

Cüdo ilk dəfə 1964-cü il Tokio Yay Olimpiya Oyunlarına salındı. Bununla da Ciqoronun nakam arzusu yerinə yetirdi. Bundan sonra yalnız bir dəfə (1968-ci il Meksika Olimpiya Oyunları) cüdo Olimpiadadanın proqramında yer almayıb. Digər olimpiadalarda cüdo mövcud olub.

Cüdoda kəmərlər nəyi ifadə edir?

Hər bir idmançının fərdi məqsədi rəngli kəmərlər (kyu və dan) sistemini mənimsəmək, öyrənmək və yiyələnməkdən ibarətdir. Bu məsələyə münasibəti Azərbaycanın Əməkdar məşqçisi, ölkə cüdosuna populyar idmançılar bəxş etmiş Tərlan Həsənov vasitəsilə aydınlaşdırmaq qərarına gəldik. Bakıda 1998-ci ildən fəaliyyət göstərən “Kanokan TT” (yeri gəlmişkən, “Kano” Ciqaronun adı, “kan” isə klub deməkdir) klubunun baş məşqçisi olan Həsənovun sözlərinə görə, bütün insanlar cüdoya ağ kəmərlə başlayır:

“Bir müddətdən sonra onlardan imtahan götürürük. Əgər imtahandan keçdisə, ona ardıcıllıqla sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qara kəmər verilir. Bütün imtahanlarda qiymətin “beş” olmalıdır ki, kəmər alasan. Bunlar kyu kəmərlər sayılır. Daha sonra 1-10 dərəcə aralığında olan qara rəngə malik usta kəmərlər gəlir. Bunlar dan kəmərlərdir. Məşqçilik fəaliyyətinin müddətinə və şagirdlərinin nailiyyətinə əsasən müəllimlərə bu kəmərlər verilir. Altıncı dan kəmərə kimi Azərbaycan Cüdo Federasiyası vasitəsilə bunu almaq mümkündür. Altıncıdan sonra sənə dan kəməri ancaq bizim federasiyanın təqdimatı ilə Beynəlxalq Cüdo Federasiyası verə bilər. Mənim özümdə beşinci dan kəmərdir. Noyabrda 80 yaşım tamam olacaq. Biz sovet vaxtından bu sistemlə getsəydik, indi daha yüksək dan kəmərə sahib olmalıydım. Məsələn, Almaniya, Fransa, İran, Türkiyədə olan mənim yaşıdlarımda daha yüksək kəmərlər var. Hələ o vaxt deyirdim ki, iki sistem ola bilməz, vahid sistem olmalıdır. Həmçinin hakimlər üçün də dan kəmərlər verilir”.

Tərlan Həsənovun sözlərindən belə başa düşülür ki, kəmər idmançının təcrübi biliyini nümayiş etdirən, onun cüdoda keçdiyi yolu digərlərinə göstərən bir geyim vasitəsidir. Həm də idmançılar üçün əla motivasiya mənbəyidir.

Ciqoro 10-cu – ən yüksək dan kəmərə sahib olsa da, məşqlər zamanı onu taxmırmış. O, Sokratın sözlərini təkrarlayaraq buna aydınlıq gətirərmiş: “Bircə bilirəm ki, mən heç nə bilmirəm”.

Azərbaycanda cüdonun yaranmasının 50 ili tamam olur

Cüdonun dünyada populyarlaşması SSRİ-də də bu idman növünə marağı formalaşdırıb. Baxmayaraq ki, SSRİ güləş və sambo kimi idman növlərində bir nömrəli ölkə hesab olunurdu, dünyanın ən böyük ölkəsi də cüdonun təşəkkülünə şərait yaratmaq qərarına gəlir.

Lakin bunadək SSRİ samboçuları cüdo yarışlarında iştirak edir. Məsələn, 1964-cü il Olimpiadasında latviyalı Aron Boqolyubov, rusiyalı Oleq Stepanov (hər ikisi -68 kq), gürcülər Parnaoz Çikviladze və Anzor Kiknadze (hər ikisi +80 kq) bürünc medal qazanmaqla SSRİ-nin ilk cüdo üzrə mükafatçıları olublar. Sovet idmançıları samboçu olduqlarından, rəqiblərindən fərqli olaraq, medal kürsüsünə kimono ilə yox, adi idman geyimində çıxır.

Bir il sonra keçirilmiş dünya çempionatında isə Stepanov və Kiknadzenin bürünc medalından əlavə, Anzor Kibrotsaşvili mütləq çəkidə yapon İsao İnokumaya uduzaraq gümüş mükafat qazanıb. SSRİ 1967-ci ildə 2 bürünc, 1969-cu ildə 4 bürünc, 1971-ci ildə 1 gümüş və 1 bürünc medalla dünya çempionatlarında nəticə göstərir. Bu ölkənin ilk Olimpiya çempionu 1972-ci ildə Şota Çoçişvili (-93 kq), ilk dünya çempionu 1975-ci ildə Vladimir Nevzorov (-70 kq) olub.

Bu idman növündə nəticələrin gəlməsi 1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin cüdonun SSRİ ərazisində yayılması haqqında qərar verməsinə səbəb olur. Həmin il SSRİ və Azərbaycan SSR Cüdo Federasiyalarının əsası qoyulur. Məhz bu tarix cüdonun ölkəmizdə yaranma tarixi kimi qəbul edilib.

Azərbaycanın ilk cüdo müəllimlərindən olan Tərlan Həsənovu dinləyək: “1972-ci ilin mayından cüdoda müəllim işləyirəm. 1972-ci ilin noyabrında bizə rəsmi şəkildə cüdo məşqləri etməyə icazə verildi, Azərbaycan SSR Cüdo Federasiyası yaradıldı.

İlk federasiyanın prezidenti Arif Ələkbərov olub. 1980-ci ildən isə sərbəst güləş üzrə SSRi çempionu Rəhim İsmayılov federasiyaya rəhbərlik edib. Onun rəhbərliyi 16 il çəkib”.

İdman ustası Fərhad Rəcəbli isə həmin dövrü belə xatırlayır: “Mən xatırlayıram ki, hələ 1972-ci ilin mayında rəhmətlik qardaşım Məmməd Sumqayıt birinciliyində cüdodan çıxış edib. Yarış sambo adı ilə keçirilirdi, ancaq cüdo da ora salınmışdı. Onda haradansa özlərinə kimono tapmışdılar.

1973-cü ilin martın 3-də Sumqayıtda ilk cüdo bölməsi böyük qardaşım, məşqçim Əhməddin Rəcəbli tərəfindən açıldı. Ondan sonra mən də cüdo ilə məşğul olmağa başladım. Bunadək sambo və sərbəst güləşdə çıxış edirdim”.

F.Rəcəbli 1978-ci ilin payızında Macarıstanda gənclər üzrə Avropa üçüncüsü olmaqla da tarixə düşüb. Çünki indiyədək belə mötəbər turnirdə Azərbaycandan heç kim medal qazana bilməmişdi. Yalnız İlqar İsgəndərov 1991-ci ildə gənclər arasında Avropa üçüncüsü olmaqla bu nəticəni təkrarladı. Hələ onda Azərbaycan SSRİ-nin tərkibində idi. Müstəqil Azərbaycanın ilk mötəbər medalı isə 1992-ci il Olimpiadasında Nazim Hüseynovun Olimpiya qızılı ilə gəldi.

Uşaq cüdosunun inkişafı haradan və necə başlamalıdır?

İlk növbədə cüdonun inkişafı erkən yaşlardan bu idmana başlamaqdan asılıdır. Valideynlər övladlarını mümkün qədər tez bu idman növünə qoymalıdırlar.

Tərlan Həsənovun sözlərinə görə, sovet dönəmində erkən yaşlarda bu idmanla məşğul olmaq mümkün deyildi: “Dörd yaşında mənə yazılan Murad Fətiyev bu ay Rumıniyada 90 kq çəki dərəcəsində Avropa Kubokunun qalibi oldu. Amma sovet vaxtında 14 yaşdan tez cüdo ilə məşğul olmağa icazə verilmirdi. Hidayət Heydərov yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionu olub. O, beş yaşından mənimlə məşq edib. Məmmədəli Mehdiyev, İlqar Müşkiyev, Rəşad Yelkiyev də mənim tələbələrim olublar. Məmmədəli və Muradın atalarının da müəllimi olmuşam. Bu il müəllimlik etməyimdən düz 50 il keçir. 2017-ci ildə "Cüdo" adlı kitabım tədris məqsədilə nəşr olunub...

İlin 9,5 saatını mən bu idman zalında keçirirəm. Səhər saat 7-dən bu zalın qapısını açıram. Yay vaxtı uşaqlara istirahət verirəm. Amma idmançıya bir həftədən artıq istirahət vermək olmaz. Klub sistemini Avropada görmüşəm. Respublika çempionatında yer tutan şagirdlərimə 75-150 manat aralığında təqaüd verirəm. Bunu ona görə edirəm ki, onlarda və yer tutmayan digər tələbələrimdə motivasiya olsun.

Murad Fətiyev Məmmədəlidən altı yaş kiçikdir. İndi bir çəkidə – 90 kq-da mübarizə aparacaqlar. Murada demişəm ki, sən Məmmədəlinin dabanını “cırmalısan”. Onda Məmmədəli bunu görüb qabağa gedəcək. Çünki o da istəyir ki, üçüncü Olimpiadasında çıxış etsin. Rəqabət olmayan yerdə inkişaf olmaz. Mən bu tərzdə öyrədirəm. Həmçinin dörd məşqçimə də bunu aşılamışam. Demişəm ki, çalışın tələbələriniz nəticə göstərsin və sizin aranızda yaxşı mənada rəqabət olsun. Əks halda, elə məşqçi qalacaqlar, müəllim ola bilməyəcəklər. Müəllim böyük məfhumdur”.

O bildirib ki, şagirdləri arasında motivasiya formalaşdırır:

“Mənim hər yaş qrupu üzrə komandamda liderlər var. Onların hər biri üçün üç sparrinq lazımdır. SSRİ vaxtı mənə deyirdilər ki, bir bölmədə 12-dən artıq idmançı məşq edə bilməz. Necə olmaz? Hamı lider ola bilməz. Amma həmin cüdoçular azından pis vərdişlərdən kənar qalacaqlar. Həmin uşaqlardır ki, onlardan Nazim Hüseynov, Elnur Məmmədli kimi Olimpiya çempionları çıxdı. Nazimlə ilk mən başlamışam, sonra onu SSRİ-nin cüdo üzrə ilk Əməkdar məşqçisi Ağayar Axundzadəyə vermişəm. Ağayar müəllim özü də əvvəl mənim tələbəm olub. Elnur Məmmədlinin müəllimi Yaşar Allahverdi də həmçinin.

Mən azı ayda bir dəfə şagirdlərin dərs gündəliklərinə baxıram, təhsilləri ilə maraqlanıram. Hər bir şagirdimə “Kanokan TT”nin vəsiqəsini təqdim edirəm. Elə atalar və ya babalar olub ki, həmin vəsiqəni mənə göstərib ki, vaxtı ilə mənə məşq keçmisiniz”.

Cüdo gigiyenik tələblərə cavab verən elitar idman növüdür

Bir sıra dövlət başçıları, məsələn Rusiya Prezidenti Vladimir Putin cüdo ilə məşğul olur. Cüdo bir elitar idman növü kimi dünyada tanınır. 2020-ci ildə pandemiya hökm sürəndə belə, yarışlara futboldan sonra ən erkən start verən idman növü cüdo olub.

Fərhad Rəcəbli bunun səbəbini belə izah edir: “Məndən uşağı hansı idman növünə qoymaq barədə fikrimi soruşanda həmişə güləş, cüdonu məsləhət görürdüm. Amma müasir pandemiya zəmanəsində görürük ki, ən məsləhətlisi elə cüdodur. Çünki güləşdə bədən bədənə sürtünür. Cüdoda isə gigiyenik qaydalara əməl olunur. Sən ancaq rəqibinin kimonosundan tutursan. Bu səbəbdən də 2020-ci ildə pandemiya olsa da, həmin ilin sonlarında təkmübariz idman növlərindən ilk olaraq cüdoda beynəlxalq yarışlar keçirilməyə başlandı. Xaricdə artıq valideynlər uşaqlarını güləş növlərindən çox, cüdoya qoyurlar. Fransada idman dərsi kimi cüdo tədris olunur”.

...Cüdonun fəlsəfəsi budur ki, bu gün zəif olsan da, sabah ondan güclü ola bilərsən və ya yeddi dəfə yıxıldınsa, səkkizinci dəfə ayağa qalxmalısan. Mütləq deyil ki, qalib gələsən. Əgər qalxıb rəqibinə baş əydinsə, sən yenə “qalibsən”, bir addım öndəsən. Gəlib məşqdə həmin səhvinin üzərində işləyib, yenidən mübarizəyə qatılırsan. Cüdo təkcə bir idman deyil, cüdo həm də tərbiyə vasitəsidir. Rəqibə baş əyməklə sən qarşı tərəfə hörmətini izhar edirsən. Cüdonun fəlsəfəsi məhz budur.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri