Noy
2023
18:00
70
9
1881
Virtual karabakh

Rəşad Abdullayev: “Onlar gələcəkdə “Neftçi”nin əsas heyət oyunçuları olacaqlar” - MÜSAHİBƏ

1 Noy, 2023
18:00
1881

Rəşad Abdullayev: “Onlar gələcəkdə “Neftçi”nin əsas heyət oyunçuları olacaqlar” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Abdullayev karyerası ərzində 2 dəfə Premyer Liqanın qalibi olub.

2010/2011 və 2011/2012 mövsümlərində “Neftçi” ilə qızıl medalları qazanan keçmiş yarımmüdafiəçi hazırda “ağ-qaralar”ın əvəzedicilərdən ibarət komandasına rəhbərlik edir.

42 yaşlı mütəxəssisin baş məşqçisi olduğu “Neftçi-2” cari mövsümün geridə qalan 11 turunda 30 xal toplamaqla turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Rəşad Abdullayev “Report”a müsahibəsində uğurlu çıxışı dəyərləndirib.

Həmin müsahibəni təqdim edirik:

- Əvəzedicilərin çempionatında turnir cədvəlinə başçılıq edirsiniz. Komandanızın cari mövsümdəki çıxışını necə qiyətmələndirmək olar?

- Hələ ki, hər şey yaxşı gedir. Mövsümün əvvəlindən bəri eyni temp üzrə işlərimiz davam edir. Hərdən cüzi çatışmazlıqlar olur. Nəticə baxımından 11 oyunun 10-da qələbə qazanmışıqsa və turnir cədvəlinin birinci pilləsində yer almışıqsa, deməli, vəziyyət yaxşıdır. Ən əsası uşaqlarda inkişaf var.

- XI turda əsas rəqiblərinizdən biri hesab edilən “Sabah”a 2:0 hesabı ilə qalib gəldiniz. Rəqibin heyətində əsas komandanın bir neçə təcrübəli oyunçusu da yer almışdı. Bu amil işinizi çətinləşdirmədi?

- Düzdür, bütün matçlara ciddi hazırlaşırıq. Ancaq indiki məqamda əsas rəqiblərimiz “Sabah” və “Qəbələ”dir. Bilirdik ki, “Sabah”la görüşdə rəqibin əsas komandasından bir neçə futbolçu əvəzedicilərdə oynaya bilər. Qapıçıları Nicat Mehbalıyev komandasını bir neçə dəfə qoldan xilas etdi. Xüsusən də ikinci hissədə şanslarımız çox oldu. Ceyhun Nuriyev və Camal Cəfərov da “Sabah”ın əsas komandasında yer alırlar. Ancaq bu bizə problem yaratmadı. Biz də hərdən əsas komandadan gənc futbolçuları heyətə cəlb edirik ki, həm onların oyun praktikası olsun, həm də komandamıza kömək etsinlər. İstər özümüzdə, istərsə də rəqiblərdəki dəyişikliklərdən asılı olmayaraq, oyun planında heç vaxt dəyişiklik etmirik.

- İsmayıl Zülfüqarlı, Fərid Yusifli, Ağadadaş Salyanski kimi futbolçular ötən mövsüm “Neftçi”nin əsas komandasında çıxış edirdilər. Onların “ağ-qaralar”ın daimi əsas heyət üzvü olmalarına nə qədər vaxt lazımdır?

- Hazırda “Neftçi”nin geniş heyəti var. Adlarını çəkdiyiniz uşaqlar da əsas kollektivlə birgə məşq keçirlər. İnanıram ki, onlar gələcəkdə “Neftçi”nin əsas heyət oyunçuları olacaqlar. Hər biri əsas komandanın nəzarətindədir.

- Əvəzedici heyətin üzvlərinin hazırkı durumuna nəzər yetirsək, “Neftçi”nin gələcəyi necə görünür?

- Potensiallı uşaqlar var. Sadəcə, onların üzərində yaxşı işləmək lazımdır. Futbolda keçid dövrü var ki, həmin vaxt uşaqlara daha çox qayğı lazım olur. Qollarını yanlarına salmalarına imkan vermək olmaz. Hələ gəncdirlər, karyeraları irəlidədir. “Neftçi”dən həmişə yaxşı futbolçular çıxıb. Bu, bizim futbol oynadığımız dövrdə də belə idi. Hazırda heyətimizdə yer alan uşaqlar gələcəkdə Azərbaycan futboluna fayda verəcək potensiala malikdirlər.

- Adətən aşağı yaş qruplarında nəticədən çox futbolçu yetişdirmək ön planda olur. “Neftçi-2” isə hazırda çempionatın lideridir. Oyunçu üzə çıxarmaqla yanaşı, mövsümü çempion kimi başa vurmaq hədəfiniz yoxdur?

- Xeyr, qarşımıza çempionluq məqsədi qoymamışıq. Artıq ikinci ildir ki, əvəzedici komandadayam. Ötən mövsüm I Divizionu ikinci pillədə tamamlamışdıq. Əlbəttə ki, “Neftçi”nin adının həmişə yüksəkdə olmasını istəyirik. Ancaq mütləq çempion olmalıyıq tələbi yoxdur. 3-4 futbolçumuzun əsas komandanın diqqət mərkəzində olması bizim üçün böyük uğur sayılar. Hazırda da gənclərimiz barədə yaxşı fikirlər səsləndirirlər. Bizim üzərimizə düşən vəzifə onları inkişaf etdirməkdir. Təbii ki, nəticə də uğurlu olmalıdır ki, oyunçular əsas komandaya qələbə ruhunda keçə bilsinlər. Onları qalibiyyətə öyrəşdirmək lazımdır. Bunu isə baxımlı, keyfiyyətli oyunla etmək şərtdir. Ortada oyun olmasa, təsadüfən 1-2 qələbə qazanırsan. Ardıcıl qalibiyyət isə həm düzgün oyundan, həm də dəst-xətdən xəbər verir. Biz də inkişafla yanaşı, uğurlu nəticələr qazanmağa çalışırıq.

- “Neftçi”nin əsas komandası 11 turdan sonra 15 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır. Qeyri-sabit çıxışın səbəbini nədə görürsünüz?

- Əsas komanda barədə geniş danışmaq doğru olmaz. Bilirsiniz ki, yeni heyət yığılıb, futbolçuların əksəriyyəti, həmçinin məşqçilər yayda gəliblər. Təbii ki, onların işlərinin yaxşı getməsini istəyirik. Çünki əsas kollektivlə daim əlaqədəyik. Fikrimcə, zamanla komanda daha uğurlu nəticələr göstərəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri