Fev
2024
16:26
46
16
1840
Virtual karabakh

“Sumqayıt”ın prezidenti: “O qədər stresin qarşılığında nə xərc gözə görünür, nə də başqa bir şey” - MÜSAHİBƏ

6 Fev, 2024
16:26
1840

“Sumqayıt”ın prezidenti: “O qədər stresin qarşılığında nə xərc gözə görünür, nə də başqa bir şey” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının XXI turunda “Sumqayıt” doğma meydanda “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdi. Bu, yenidənqurmadan sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan ilk matç oldu. Samir Abasovun baş məşqçisi olduğu komanda hazırda 34 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev bu qarşılaşma və digər məsələlərlə bağlı “Report”un suallarını cavablandırıb.

- Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk matç keçirildi. Arena ilə bağlı təəssüratınız necədir?

- Əvvəlcə mütləq onu qeyd etməliyəm ki, matç vaxtı stadionda çox möhtəşəm atmosfer var idi. Komanda 10 il sonra yenidən doğma evinə qayıtdı. Öz adımdan həm stadionu dolduran azarkeşlərə, həm də arenanın tikilməsində əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Artıq bizim fanatlarımız da ev oyunlarımızı daha müasir, geniş, gözəl mənzərəsi olan, demək olar ki, hər sektordan meydanı əla görməyin mümkün olduğu oturacaqlara malik stadiondan rahatlıqla izləyə biləcəklər. Arena doqquz minə yaxın azarkeş tutumuna malikdir. Bütün fanatlarımızı dəvət edirik, hər matçda tribunaları doldurmalarını istəyirik.

- “Sumqayıt” Premyer Liqanın XXI turunda, yeni arenada “Neftçi”ni 2:1 hesabı ilə üstələdi. Ab-havanın yaxşı mənada komandaya təsir etdiyini deyə bilərik?

- “Neftçi”yə daha əvvəl də qalib gəlmişdik. Həm də rəqib meydanında. Onda da komandamız yaxşı oynamışdı. Ümumiyyətlə, bu görüşdən əvvəl “Sumqayıt” üçüncü, “Neftçi” isə ikinci pillədə yer almışdı. Yəni demək istədiyim odur ki, bu qələbə təsadüfi və ya bir oyunluq partlayış deyil. Bu potensial komandamızda var. Amma məhz açılış matçındakı əla çıxış və qazanılan qələbədə stadionu dolduran və bu atmosferi yaradan azarkeşlərimiz böyük pay sahibi oldular. Bunu matçdan sonra komandamızın baş məşqçisi Samir Abasov da vurğuladı. O da qeyd etdi ki, azarkeşlər oyun ritminin düşməsinə imkan vermədilər və onsuz da, yüksək motivasiya ilə meydana çıxan futbolçuları bir az da həvəsləndirdilər. Ümid edirik ki, növbəti qarşılaşmalarda da bu ab-hava təkrarlanacaq.

- Mərkəzi arenada Premyer Liqa oyunlarının keçirilməsi üçün bir sıra çatışmazlıqlar var idi. Onları həll etmək üçün çox xərc tələb olundu?

- Səmimiyyətimə inanın. Möhtəşəm tədbir baş tutdu, açılış etdik, komandamız qələbə qazandı, o qədər yorğunluğun, stresin qarşılığında bu elə gözəl duyğudur ki, nə xərc gözə görünür, nə də başqa bir şey. Amma ümumiyyətlə, mövzuya fərqli yanaşmağın tərəfdarıyam. Stadionla bağlı danışarkən görülən işlər haqqında “çatışmazlıq” sözünü deməzdim. Sadəcə, Premyer Liqanın kriteriyalarına uyğun bəzi dəyişikliklər və əlavələr olundu. Bunları özümüz, komandamız üçün edirik. Bacardığımız qədər işləri tez yekunlaşdırıb oyunlarımızı daha tez bu arenada keçirmək istəyirdik deyə zaman məsələsində, bəlkə də, haradasa sıxıntı yaşadıq. Amma artıq bunların hamısı arxada qalıb. Fakt odur ki, bizim Premyer Liqa tələblərinə cavab verən, böyük tutuma malik müasir stadionumuz var.

- Azərbaycan Kubokunun ilk görüşündə “Kapital Bank Arena”da “Neftçi”yə 2:3 hesabı ilə uduzdunuz. Həmin matçı da burada keçirmək mümkün olsaydı, fərqli nəticə qeydə alına bilərdi?

- Az əvvəl qeyd etdiyim kimi, mümkün olan ən qısa zamanda doğma arenamıza qayıtmaq istəyirdik. Kubok matçını çatdıra bilmədik, ondan üç gün sonrakı Premyer Liqa oyununa çatdıq. Bəlkə də, fərqli nəticə olardı.

- Fevralın 9-da gerçəkləşəcək cavab qarşılaşmasından gözləntiləriniz nədir?

- Ümidimizi üzməmişik. Cavab görüşü üçün yaxşı motivasiyamız var. Həmişəki kimi, komandadan qələbə gözləyirik. Bunun üçün mümkün olan hər şeyi edəcəyik. Komandama və baş məşqçimizə inanıram, futbolçular da özlərinə inanırlar.

- Artıq çempionatda ikinci pillədə qərarlaşmısınız. Sizcə, komanda mövsümü medalçılar sırasında bitirə biləcək?

- Hamımız bunu istəyirik. Klubun prezidenti olaraq mən də, Müşahidə Şurasının rəhbərliyi və üzvləri, komandamızın baş məşqçisindən tutmuş futbolçulara, inzibati heyətdən ofis işçilərinə qədər, “Sumqayıt” futbol klubuna aid olan kim varsa, hamı bunu arzulayır, bu xüsusda əlbir fəaliyyət göstəririk. Azarkeşlərimiz də bu yolda ən böyük təkanverici qüvvəmizdir. Bu şəhər belə bir nailiyyətə, uğura layiqdir. Biz də bunun üçün çalışırıq. Mövsümün sonunda necə olacağını birlikdə görəcəyik.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri