Bir neçə il əvvəl sərnişin daşımaq üçün pilotsuz aerotaksilər elmi-fantastik filmlərin atributu kimi görünürdü, bu gün isə sərnişin daşıyan pilotsuz aparatlar fantastikadan real texnoloji sahəyə çevrilir. eVTOL (electric vertical take-off and landing) — elektrik enerjisi ilə şaquli qalxıb-enən uçuş aparatları sənayesi kommersiyalaşma mərhələsinə qədəm qoyur və 2026-cı ildə bir sıra ölkələr belə xidmətlərin işə salınmasına hazırlaşır.
eVTOL — «elektrik şaquli qalxma və enmə təyyarəsi» mənasını verir və bu aparatlar xüsusi olaraq qısa şəhərdaxili və regional marşrutlar üçün yaradılıb. Adi vertolyotlardan fərqli olaraq, onlar elektrik hərəkətverici qüvvə ilə işləyir və ofislərin yaxud yaşayış massivlərinin yanındakı kiçik meydançalardan qalxa bilir. Bu, səs-küyü azaldır, istismarı asanlaşdırır və uçan taksini yalnız elitar xidmət deyil, potensial olaraq əlçatan nəqliyyat növünə çevirir.
Elektrik uçan taksilər bazarını bir neçə iri oyunçu inkişaf etdirir. Amerika şirkəti Joby Aviation Nyu-Yorkda Manhettendən JFK hava limanına qədər olan marşrutda uçuşlar nümayiş etdirib, 2026-cı ilin yayında isə aerotaksilərin geniş miqyaslı istehsalı üçün Toyota Motor ilə birgə müəssisə yaratdığını elan edib. Gözlənilir ki, Joby-nin xidməti 2026-cı ilin sonuna qədər Dubayda tam işə düşəcək — bir il əvvəl keçirilmiş sınaq uçuşlarından sonra.
Britaniya şirkəti Vertical Aerospace isə Valo aparatını inkişaf etdirir: şirkət artıq şaquli və üfüqi rejimlər arasında pilotlu keçid uçuşları həyata keçirib, bir sıra aerodromlarda sınaqlar aparıb, konstruksiyanın sertifikatlaşdırma öncəsi yekun yoxlamaları isə 2026-cı ilin sonuna planlaşdırılır. Embraer-in törəmə strukturu olan Braziliya şirkəti Eve Air Mobility sənayedəki ən böyük ilkin sifariş portfellərindən birinə malikdir və investisiyalara ehtiyatla yanaşaraq öz aparatının sertifikatlaşdırılmasına 2028-ci ilə yaxın tarixdə nail olmağı planlaşdırır.
Çin isə öz yolunu seçir: hələ 2023-cü ildə EHang şirkəti yerli aviasiya idarəsindən EH216-S ikinəfərlik pilotsuz aparatı üçün sertifikat alıb. Alman şirkəti Lilium Avropada vertiportların operatorları ilə tərəfdaşlıq sazişləri bağlayıb, Kaliforniya şirkəti Archer Aviation isə komsersiya xidmətinin yaradılması üçün Cənubi Koreya taksi xidmətinə onlarla Midnight aerotaksisinin çatdırılması barədə razılığa gəlib.
Aerotaksilərin tam fəaliyyəti üçün təkcə aparatların sertifikatlaşdırılması deyil, həm də yerüstü infrastruktur — elektrik uçuş aparatlarının qalxması, enməsi və doldurulması üçün xüsusi meydançalar olan vertiportlar lazımdır. Fars körfəzi ölkələrində artıq ilk rəsmi sertifikatlaşdırılmış belə obyektlər meydana çıxıb, bu isə sahənin sınaqlardan praktiki tətbiqə keçidindən xəbər verir.
Kütləvi aerotaksiyə gedən yol çətinliklərsiz deyil. Alman şirkəti Volocopter iflas elan edib, məhkəmə isə şirkət üzərində xarici idarəçilik tətbiq edib — bu, seqmentin yüksək kapital tutumunu və risklərini göstərir. eVTOL üçün tip sertifikatının alınması olduqca mürəkkəb və uzun proses sayılır, çünki tənzimləyicilər minlərlə saat sınaq tələb edir, o cümlədən səs-küy səviyyəsi və akkumulyator batareyalarının təhlükəsizliyi yoxlanılır. Bəzi şirkətlər çatdırılma tarixlərini daha sonraya keçirir ki, bu da xidmətlərin işə salınması üçün vəd edilən tarixlərin tez-tez sürüşdüyünü xatırladır.
Çətinliklərə baxmayaraq, investorların və tənzimləyicilərin sahəyə marağı zəifləmir. Toyota kimi avtomobil istehsalçıları ilə tərəfdaşlıqlar, artan sifariş portfelləri və ilk sertifikatlaşdırılmış infrastruktur aerotaksilərin tədricən eksperiment kateqoriyasından real nəqliyyat xidmətinə keçdiyini göstərir. Ən çox ehtimal olunan ssenari budur ki, yaxın illərdə aerotaksilər ilk növbədə Yaxın Şərqin, Asiyanın və ABŞ-ın ayrı-ayrı meqapolislərində və turizm mərkəzlərində meydana çıxacaq, kütləvi yayılması isə daha bir neçə onillik çəkəcək.