"Azərbaycan Karate Federasiyası (AKF)" teqi üzrə xəbərlər

Azərbaycan Karate Federasiyası: yaranması və hüquqi statusu

Azərbaycan Karate Federasiyası (AKF) ölkədə karate idman növünün inkişafını vahid sistem əsasında təmin edən yeganə rəsmi və akkreditasiya olunmuş təşkilatdır. Federasiya 1997-ci ildən fəaliyyət göstərən Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) hüquqi varisi kimi formalaşmışdır. 27 iyul 2023-cü ildə assosiasiyanın adı dəyişdirilərək Azərbaycan Karate Federasiyası kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Sonradan Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarı ilə akkreditasiya olunaraq ölkədə karate üzrə yeganə rəsmi federasiya statusu qazanmışdır.

Federasiya Gənclər və İdman Nazirliyi tərəfindən tanınır və beynəlxalq arenada Dünya Karate Federasiyasının (WKF) rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir. Bu status ona ölkə daxilində karatenin bütün istiqamətlərini əhatə edən vahid siyasət yürütməyə imkan verir.

Rəhbərlik və struktur

Federasiyaya millət vəkili, karate üzrə 8-ci dan qara kəmər sahibi, dünya və Avropa çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi Ülvi Quliyev rəhbərlik edir. Vitse-prezidentlər Füzuli Musayev, Fərid Əsgərov, Rəhman Hətəmov və Allahverdi Rüstəmovdur. Baş katib vəzifəsini Qabil Sayadov icra edir. Baş ofis Bakı şəhərində, Heydər Əliyev prospektində yerləşir.

Karate üslublarının inkişafı və fəaliyyət istiqamətləri

AKF ölkədə idman karatesi (WKF), Fudokan, Şotokan, Şito-Ryu, Qocu-Ryu, Kyokuşin, Aşihara və digər ənənəvi üslubları vahid sistem çərçivəsində inkişaf etdirir. Federasiya 170-dən çox klub, 15 minə yaxın üzv, yüzlərlə lisenziyalı məşqçi və hakimlə ölkənin bütün regionlarını əhatə edən şəbəkə yaradıb. Milli komandaların hazırlığı, gənclər arasında karatenin təbliği, beynəlxalq yarışlara iştirak və peşəkar kadr hazırlığı əsas prioritetlərdəndir.

Federasiya Dünya və Avropa çempionatları, Karate1 Premyer Liqası və digər beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etmək üçün sistemli hazırlıq proqramları həyata keçirir. Eyni zamanda, texniki seminarlar, kyu və dan imtahanları, klublar arasında yarışlar təşkil olunur.

Karatenin ölkədə populyarlaşması

Son illərdə karate Azərbaycanda ən populyar idman növlərindən birinə çevrilmişdir. Federasiya dövlət idman siyasətinə uyğun olaraq gənc nəslin fiziki və mənəvi inkişafına, idmançıların beynəlxalq standartlara uyğun hazırlanmasına diqqət yetirir. Rəqəmsal idarəetmə sistemləri, elektron bazalar və klub xəritəsi vasitəsilə fəaliyyət daha şəffaf və əlçatan həyata keçirilir.

Azərbaycan Karate Federasiyası karatenin ölkədə davamlı inkişafını təmin edən, beynəlxalq nüfuzunu artıran və gənc idmançıların uğurlarını dəstəkləyən əsas qurum olaraq fəaliyyətini davam etdirir.