Yeni Zelandiyanın milli aviadaşıyıcısı "Air New Zealand" yeni "Boeing 787 Dreamliner" təyyarələrinin çatdırılmasını təxirə salmaq, xərcləri azaltmaq və bir neçə çətin ildən sonra mənfəətliliyin bərpa olunmasına diqqət yetirmək niyyətindədir.
Yenilənmiş planlara "Boeing" təyyarələrinin istehsalında davam edən gecikmələr səbəb olub. Aviaşirkətin cari maliyyə ilinin sonuna qədər almasını gözlədiyi iki "Boeing 787" təyyarəsi daha sonra təhvil veriləcək. "Air New Zealand" artıq "Boeing"lə sifariş edilən digər təyyarələrin çatdırılmasını təxirə salmaq barədə danışıqlar aparır. Eyni zamanda, on ədəd "Boeing 787 Dreamliner" şirkətin portfelində qalır.
Çatdırılmanın gecikməsi ilə əlaqədar aviaşirkət əsaslı xərclər cədvəlində dəyişikliklə üzləşib. Eyni zamanda, aviasiya yanacağının yüksək qiymətləri, artan əməliyyat xərcləri və qlobal təchizat zəncirlərindəki fasilələr maliyyə nəticələrinə təsir göstərməyə davam edir.
"Air New Zealand" yeni strategiyasının bir hissəsi olaraq, növbəti maliyyə ili ərzində xərcləri, təxminən 100 milyon Yeni Zelandiya dolları həcmində azaltmağı planlaşdırır. Rəhbərlik bu tədbirlərin şirkətin növbəti iki il ərzində dayanıqlı mənfəətliliyə qayıtmasına kömək edəcəyini gözləyir. Eyni zamanda, daşıyıcının beynəlxalq marşrut şəbəkəsinin inkişafından imtina etmək niyyəti yoxdur. Əksinə, bu, uzunməsafəli marşrutlara daha ödənişqabiliyyətli sərnişinlərin cəlb edilməsinə, eləcə də daxili və regional xidmətlərin gücləndirilməsinə yönələcək.
"Air New Zealand"ın vəziyyəti yeni "Boeing" təyyarələrinin istehsalındakı gecikmələrin dünya miqyasında aviaşirkətlərin planlarına necə təsir etdiyinin daha bir nümunəsidir. Çatdırılma cədvəllərindəki gecikmələr aviaşirkətləri təyyarələrin yenilənməsi proqramlarını nəzərdən keçirməyə, investisiyaları təxirə salmağa və artan xərclər qarşısında maliyyə sabitliyini qorumağın yollarını axtarmağa məcbur edir.