ABŞ-nin aerokosmik nəhəngi "Boeing Co." gəlir gətirən modellərin istehsal həcmini yüksəltmək məqsədilə "Boeing 787 Dreamliner" laynerlərinin daxili tərtibat hissələri və mühərrikləri üzrə tədarük problemlərini həll etməkdə davam edir.
Bu barədə Oxu.Az "Bloomberg" agentliyinə istinadən məlumat verir.
"Təchizat zəncirləri hələ də bir qədər qeyri-sabit olaraq qalır", - deyə "Boeing"in kommersiya təyyarələri bölməsinin rəhbəri Stefani Poup brifinqdə bildirib. "GE Aerospace"in istehsal etdiyi mühərriklər bizim üçün istehsal tempini müəyyən edən mühüm amil olacaq", - deyə o əlavə edib.
Şirkət bir neçə il ərzində "737" seriyalı laynerlərin aylıq buraxılışını mövcud 42 ədəddən 63 ədədə qədər yüksəltməyi planlaşdırır.
"Bloomberg"in məlumatında vurğulanır ki, istehsalın genişləndirilməsi borc öhdəliklərinin bağlanması, maliyyə durumunun bərpası, eləcə də qısa məsafəli uçuşlar bazarında mühüm yer tutan dar gövdəli təyyarələr sektorunda "Airbus"ın üstünlüyü ilə rəqabət apara bilmək üçün həlledici rol oynayır.
Poup bildirib ki, şirkət istehsal tempini ayda 47 təyyarə səviyyəsində sabitləşdirməyə diqqət yetirir, sonra isə növbəti mərhələli dəyişiklikləri nəzərdən keçirməzdən əvvəl onu 52 laynerə qədər artıracaq.
O, həmçinin "Boeing"in qitələrarası ikimühərrikli "Boeing 777X" təyyarəsini sifarişçilərə 2027-ci ildə təhvil verməyi planlaşdırdığını bildirib - çoxdan gözlənilən yeni laynerin bazara çıxarılması şirkət üçün mühüm məqamdır.
Bununla yanaşı, "Boeing" "Patriot" zenit-raket sistemlərinə aid PAC-3 raketləri üçün nəzərdə tutulan tuşlama başlıqlarının buraxılışını 30% çoxaltmağı hədəfləyir. Qeyd edək ki, sözügedən hissələrin istehsal həcmi keçən il də eyni nisbətdə yüksəlmişdi.
"Boeing Defense" departamentinin baş direktoru Stiv Parkerin verdiyi məlumata görə, ötən il korporasiya 650 ədəd tuşlama başlığı hazırlayıb. Bu göstərici "Lockheed Martin" şirkətinin 2026-cı il üçün hədəflədiyi raket istehsalı sayı ilə bərabərdir. Bu il isə "Boeing" artıq 850 belə komponent buraxmağı planlaşdırır.