Avropaya yollanan rusiyalı turistlər Rusiyaya qarşı vizalar və sanksiyalara görə təyyarələrdən geri qaytarılırlar. Bu günə qədər bir neçə belə hal məlumdur.
Belə ki, “FinnAir” aviaşirkəti Düsseldorf (Almaniya) hava limanından Helsinkiyə (Finlandiya) uçmağa hazırlaşan beş rusiyalını qeydiyyatdan keçirməkdən imtina edib. Müzakirələrdən sonra rusiyalılar Türkiyə ərazisindən uçmalı olublar.
Daha bir insident İstanbul (Türkiyə) hava limanında baş verib. Turistlər tranzit üçün Frankfurt-Maynaya (Almaniya) yollanmalı, oradan da Tivat (Monteneqro), Belqrad (Serbiya) və Mexikoya (Meksikaya) getməli imişlər. Lakin “Lufthansa” Şengen vizası olmayanların təyyarəyə minmələrinə icazə verməyib.
Qeyd edək ki, sentyabr ayında Avropa İttifaqı rusiyalılar üçün sadələşdirilmiş viza rejimini ləğv edib.
Bundan başqa, Rusiya ilə həmsərhəd olan ölkələr də rusiyalıların turist vizası ilə ölkəyə girişini qadağan ediblər. Estoniya, Latviya, Litva və Polşadan sonra Finlandiya da sentyabrın 30-dan analoji addım atıb, beləliklə, Rusiyanın Aİ ölkələri ilə bütün quru sərhədləri bağlanıb.
Hazırda Norveç Şengen zonasına daxil olan və rusiyalılar üçün qapalı olmayan yeganə ölkə olaraq qalır. Bununla belə, yayılan məlumatlara görə, Oslo da sərhədi bağlamağı düşünür.
Mənbə: moscowtimes.ru
Rəylər