Sentyabrın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisi keçiriləcək.
Bu barədə “İteca Caspian” şirkətindən Oxu.Az-a bildirilib.
Bu il “BIHE” iştirakçılarının təxminən 60%-ni xarici şirkətlər təşkil edir. Hazırda iştirakçıların siyahısında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrdən 100-dən çox şirkət var.
Ümumilikdə, bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları, birdəfəlik istifadə materialları, dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edəcəklər. Sərgidə ilk dəfə olaraq yeni “Klinika” sektorunun çərçivəsində bir sıra şirkətlərin iştirakı gözlənilir.
Sərgi “Tibbi turizm” sektorunu fəal şəkildə inkişaf etdirir və bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkil ilə məşğul olan 30-dan artıq klinika və şirkətin iştirakı planlaşdırılır.
Bunların arasında Almaniya, Estoniya, Gürcüstan, İsrail, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzlərinin iştirakı gözlənilir. Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edəcəkdir. Bu il “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.
“BIHE” sərgisi ilə paralel daha iki tədbir - 11-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” “Stomatology Azerbaijan 2016” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016” sərgiləri keçiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az