Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
18+ videolarda “nişanlı qızların telini sayan” xəstə cəmiyyət
Aqşin Yenisey yazır...
İnsan xəstələndikdə, məsələn, hərarəti qalxır, başı, boğazı ağrıyır, asqırır, öskürür və s. Bəs cəmiyyət xəstələndikdə bunu necə ifadə edir, ümumiyyətlə, xəstə cəmiyyət xəstə olduğunu bilir?
Xəstələnən əşrəf müxtəlif müalicə üsullarına əl atır. Uzağa getməyək, götürək elə bizim bu Yazıqantropu, özünü pis hiss edən kimi əvvəlcə yaxınların, doğmaların müayinə və müalicə təcrübələrinə müraciət edir. Tutalım, dişi ağrayır, bizim layiqli vətəndaş əl altında olan bütün kommunikasiya vasitələrindən istifadə edərək, bir növ, Oğuz elinin rabitə sistemində iki tonqal çatıb bu bəd xəbəri bütün el-obaya bəyan edir. Həyətdə zərif hikkə ilə palaz çırpan, “vaççapda” kor Edip kimi kiməsə söz soxan, bölmədə Qarqantua və Pantaqurel sayaq yan yatıb “çak-çuk”layaraq nərd oynayan, “3”ü beş adamın gücünə alan, 18+ videolarda “nişanlı qızların telini sayan” sosial “razmerindən” asılı olmayaraq, bütün qohumlar bir anda dönüb olurlar dünyaca məşhur dentistlər, misirli Xesiralar. Türk müğənnilərinin sözü olmasın, diş ağrısını “xırp” kəsən yüzlərlə təcrübə “konuşur” hadisə yerində.
Bəs cəmiyyət “dişinin çürüdüyünü” necə hiss edir, ümumiyyətlə, cəmiyyətin xəstə olduğunun əlamətləri hansılardır?
Bu suallara cavab vermək üçün türk sosial psixoloqu, professor Kerim Edinselin bir yazısında oxuduğum bu paraqrafa öz əlavələrimi də pərçimləyib xəstə cəmiyyətə diaqnoz qoymağa çalışacağam.
“Xroniki artan kütləvi işsizliyi özünə dərd etməyən, geniş kütlələri yoxsulluq və aclıq sərhədinin həndəvərində yaşasa da, pulu şərəf və ləyaqətin yeganə simvolu sayan, hüquqa deyil, adət-ənənəyə daha çox etimad göstərən, ictimai mühiti bir ucdan güvənsizlik, qəzəb, lirizm və qəddar inanc horrası ifraz edən, gələcəyi haqqında heç bir fikir sahibi olmayıb yalnız keçmişinin qanlı gecələrinə şam tutmaqla öyünən, təhsilinə bel bağlamayan, qadını və işçini istifadə edildikdən sonra atılacaq bir əşya kimi görən, insanları özlərinə və bir-birilərinə yadlaşaraq özləri və başqaları ilə yola gedə bilməyən, eqoizmi şəxsiyyət olmanın üstün halı kimi qəbul edən, həmrəylik duyğusunu ancaq boşboğaz şairlərin şeirlərində sevən, müasir dünyamızda əli silahlı qədim milli ənənələrini bir-birilərinə qarşı “kullanan”, karikaturik yaradıcılığı olmayan, yumor hissini yüngüllük, göz yaşlarını mənəvi ləl-cəvahirat kimi qiymətləndirən, arzularını ayıbları ilə boğan cəmiyyətlər xəstədir”.
Anlayışlarla deyil, reflekslərlə yaşayan cəmiyyət xəstədir. Bizim bu gün elmin, sənətin, fəlsəfənin “ofsayt”ında qalmağımızın ana səbəbi budur, həci, anlayışlara anlaya bilmədiyimiz üçün nifrət etməyimiz. Nizami, Füzuli, Nəsimi və b. klassiklərimiz sözlərlə deyil, anlayışlarla düşünürdülər, onların ədəbi ömrünü uzadan da bu xassələridir. Nəsimi Avropa Renessansından bir əsr əvvəl Allahmərkəzli deyil, insanmərkəzli düşüncəni təbliğ edirdi.
Anlayış yaradıcılığın damazlığıdır. Sözlər anlayışların övladlarıdır. Anlayış ehtiyacı insanı, cəmiyyəti kitaba, mədəniyyətin dərinliklərinə aparır. Özündə belə bir ehtiyac hiss etməyən insan, toplum niyə kitab oxusun ki? Ona ovun və təhlükənin yerini göstərmək üçün səs siqnalları lazımdır. Dünya şöhrətli Allahımıza şükür edək ki, biz öz üzərimizdə işləyərək linqivistikanın səs mərhələsindən söz mərhələsinə qədər irəliləyə bilmişik.
Mədəniyyətin “cah-cəlalı” içində ibtidai ehtiyaclarla yaşayan cəmiyyət xəstə cəmiyyətdir.
Özünün “Xəstə fərd və xəstə cəmiyyət: yadlaşma ən ölümcül xəstəlikdir” məqaləsində Marksın “xəstə insan” və “xəstə cəmiyyət” anlayışlarını incələyən Erix Fromm yazır ki, Hegelin ortaya atdığı “yadlaşma”, yəni “ən ölümcül sosial xəstəlik” o zaman baş qaldırır ki, insan yalnız özünün yaratdığı şeylərə təslim olaraq özü ilə ünsiyyət qura bilir. Bu nə deməkdir? Bu, o deməkdir ki, insan mağarada yaşayan nağıldakı div kimi canının (oxu: mövcudluq səbəbinin) özündən kənarda, şüşədəki göyərçində olduğuna inanır. Özünü “insan” adlı mexaniki bir qurğu hesab edir. O, özünü deyil, kənarda olan “canını” qorumaq üçün mübarizə aparır. Bu “can” kimisinə görə inancdır, kimisinə görə vəzifədir, başqa birinə görə xarici valyutadır və hər kəs öz “canını” başqalarının “canından” daha qiymətli, daha müqəddəs bildiyi üçün həmişə hücum vəziyyətdədir. Çünki o, Nitsşenin adamıdır: “həmişə təhlükə içində yaşayır”. Ona görə də inancı tənqid olunan, vəzifəsi əlindən alınan, pulu batan hər kəs “öldürüldüyünü” zənn edir; ya daha da radikallaşır, ya tamamilə miskinləşir.
Radikallardan və miskinlərdən ibarət cəmiyyət xəstə cəmiyyətdir.
Fromm bu vəziyyəti İsrail xalqını assuriyalılardan uzaqlaşdırmağa çalışan Bibliya peyğəmbəri Osiyanın dilindən belə təsvir edir:
“Assuriyalılar bizi xilas etməyəcək. Atlara minə bilməyəcəyik. Öz əllərimizlə düzəltdiyimiz bütlərə də artıq “tanrılarımızsınız” deyə bilməyəcəyik”.
Çünki Marksın da dediyi kimi, özünə yadlaşmış insan öz əlinin əməyi önündə əyilir, yaratdığının özündən daha güclü olduğuna inanır. Nağıldakı div kimi öz gücünün fərqində olmur, əsl gücün şüşədəki göyərçində olduğunu düşünür.
Öz gücünün fərqində olmayan divləşmiş insanların yaşadığı cəmiyyət xəstə cəmiyyətdir.
Mussolini özünün “Faşizm doktirinası”nda yazır:
“Faşizmdə fərdin bəsit zövqlərdən ibarət həyat arzusunu, zaman və məkan sərhədlərindən azad, daha ali bir həyat məqsədilə əvəz edən, insanları və nəsilləri bir ənənəyə və missiyaya bağlayan əxlaq xalq və vətəndir. Sözügedən həyatda fərd özünü heç saymaqla, şəxsi mənafeyini fəda etməklə, yalnız ölüm gerçəkliyi ilə dəyər qazanmaqla, sözün əsl mənasında, mənəvi varolmanın fərqinə varır”.
Mani peyğəmbər o irəlidən deyəndə ki, bədən ruhun həbsxanasıdır və insan öz bədənini məhv edib ondan azad olmalıdır, fars şahı I Bəhram ona dedi: “Əgər belədirsə, onda birinci sizi xilas edək” və peyğəmbəri “öz bədənindən azad etmək üçün” şaqqalatdırdı. Özünü faşizm bütünün yerində görən Mussolini də yuxarıdakı sözləri ilə, əslində, bütün, yəni şüşədəki canın məqsədini ifşa edirdi; yaratdığımız bütlər bizi həm qurbana, həm də qəhrəmana çevirə bilər. Mussolini fərdi faşizmin qurbanı kimi görürdü, onun ölümünü “mənəvi həyata” (dindəki “cənnət” anlayışı) qovuşmanın yeganə yolu adlandırırdı. Ancaq özü ölümlə üzləşincə, “mənəvi həyat” filan fikirləşmədi, dabanına tüpürüb İsveçrəyə götürüldü, ancaq tarix və tale artıq ondan üz çevirmişdi. Kütlə güclü, diri Mussolinini hansı hay-həşirlə bütə, qəhrəmana çevirmişdisə, partizanların yolda tanıyıb öldürdüyü cansız, ölü Mussolinini də eyni hay-həşirlə “Standart Oil’ yanacaqdoldurma məntəqəsinin tavanından başıaşağı asdı. Eyni kütlə!
Arzularını reallaşdırmaq üçün cürbəcür bütlər yaradan, büt yolu gözləyən cəmiyyət də, o cəmiyyətin bütünə çevrilmək istəyən fərd də xəstədir.
Bəzən biz tərəfin camaatı gileylənir ki, Qərb insanları biz suriyalılara, pakistanlılara, əfqanlara və b. əhli-müsəlmanlara “birtəhər” baxırlar. Bu gileyin sahibi özü də qripə yoluxmuş dostu ilə məsafə saxlayır ki, xəstələnməsin. Cəmiyyətlər də belədir: özünü sağlam hiss edən cəmiyyət xəstə hesab etdiyi cəmiyyətlərə xalaxətri mərhəmət duyğusu ilə yanaşsa da, özünü də qorumaq istəyir, xəstə cəmiyyətlə məsafəli davranır. Eyni uzaqlaşdırıcı münasibəti vaxtilə şərqlilər də qərblilərə göstəriblər. XVI-XVII əsrlərdə, “dənizlərin şahı” olduqları zamanlarda Yaponiyada xristianlığı yayan holland protestant missionerlər üç yüz minə qədər yaponun dinini dəyişdirmişdilər. Xristianlığı imperatora, atalara və ənənələrə sədaqət və hörmət göstərməyi əmr edən şintoizm inancına yoluxmuş xəstəlik kimi görən samuray liderlər narahat oldular və bu “epidemiyanı” ölkədən sıxışdırmağa başladılar. İş o yerə çatdı ki, 1637-ci ildə Şimabarada bölgəsində dini “dezinfeksiya” nəticəsində 37 mindən artıq xristian öldürüldü.
Tarixin qaranlıq çağlarında düşünürdülər ki, cəmiyyəti “xəstələndirən” “xəstə” fərdlərdir və zindanlar, sürgünlər, edamlar, sui-qəsdlər, inkivizisiyalar vasitəsilə “xəstə” fərdləri aradan götürürdülər. Özünü “sağlam” hesab edən güclər, bir növ, zorakı yolla cəmiyyətin immunoprofilaktikasını aparırdılar. Ancaq bunun bir xeyri olmadı; oğrunun kəsilən əlinin yerindən daha ikisi çıxırdı, daş-qalaq olunan “zinakarların” ölkəsində fahişəlik ehtiyac yox, arzu idi. Peyvəndin icadından sonra Qərbdə başa düşdülər ki, xəstəliyin özü ilə deyil, səbəbi ilə mübarizə aparmaq lazımdır.
Səbəb-nəticə əlaqəsində nəticəni qismət, səbəbi günah və savab kimi görən fərdlərdən ibarət cəmiyyət xəstədir. Belə cəmiyyətlə ünsiyyətdə olduqda qoruyucu vasitələrdən istifadə etməkdə fayda var.
Rəylər