Metronun "20 Yanvar" stansiyasının qarşısından Sumqayıt, Xırdalan və Masazır istiqamətində hərəkət edən marşrut avtobuslarının dayanacaqlarında vətəndaşların yağışdan və küləkdən qorunması üçün pavilyonun quraşdırılmaması sərnişinlərin narazılığına səbəb olub.
Bu barədə ictimai fəal Elyar İslamoğlu sosial şəbəkədə paylaşım edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınmalıdır:
"Sözügedən ünvana əməkdaşlarımız tərəfindən baxış keçirilib. Qeyd edilən ərazidə avtobus dayanacaq məntəqəsi mövcud olsa da, infrastruktur şəraitinin əlverişsiz olması səbəbindən dayanacaq pavilyonunun quraşdırılması mümkün olmayıb. Pavilyonunun quraşdırılması aidiyyəti qurumlar tərəfindən infrastruktur şəraiti yaradıldığı təqdirdə mümkün olacaq".
Məhərrəm Əliyev