"Azərikard" Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranan problemlə bağlı açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, açıqlamaya əsasən, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.
Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur.
"Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - deyə açıqlamada qeyd olunub.
Azərbaycan Beynəlxalq Bankının (ABB) kartlarında balansların mənfi göstərilməsi və vəsaitlərin silinməsi ilə bağlı şikayətlər fonunda məlum olub ki, oxşar problemlər digər bank və ödəniş xidmətlərinin istifadəçiləri tərəfindən də qeydə alınır.
Oxu.Az-a daxil olan yeni görüntülər və sosial şəbəkələrdə yayılan paylaşımlar göstərir ki, son saatlarda bəzi müştərilər kart hesablarında və əməliyyat tarixçəsində uyğunsuzluqlarla üzləşiblər.
Belə ki, istifadəçilərdən biri AFB Bank hesabından ABB kartına 417 manat köçürmə etdikdən sonra balansın 422.89 manat əvəzinə mənfi 1 500.69 manat göstərildiyini iddia edib.
Digər paylaşımlarda isə ABB müştəriləri kart hesablarında mənfi balansların yarandığını, bəzi hallarda vəsaitlərin səbəbi ilə bağlı hər hansı bir bildiriş gəlmədən silindiyini qeyd ediblər.
Eyni zamanda, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, bəzi banklar və ödəniş xidmətləri də texniki çətinliklərlə bağlı müştərilərinə xəbərdarlıq edib.
"AccessBank" isə müştərilərinə ünvanladığı SMS-də texniki çətinliklərlə əlaqədar kart əməliyyatlarının müvəqqəti əlçatan olmayacağını bildirib.
Bundan başqa, "Yelo Bank"ın mobil tətbiqində də istifadəçilərə "Müvəqqəti texniki fasilə" barədə bildiriş göstərilib. Bildirişdə aparılan təkmilləşdirmə işləri səbəbindən mobil tətbiqdən istifadənin müvəqqəti mümkün olmayacağı qeyd olunub.
Eyni problem "Rabitə Bank" müştəriləri tərəfindən də müşahidə olunur.

Hazırda problemin dəqiq səbəbi məlum deyil. Nasazlığın ayrı-ayrı bankların daxili sistemləri, kart prosessinq infrastrukturu və ya üçüncü tərəf xidmətləri ilə bağlı olub-olmadığı barədə rəsmi məlumat verilməyib.
Məhərrəm Əliyev
Hazırda Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus kartlarda balansda məbləğin silinməsi və borc göstərilməsi halları müşahidə olunur.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı ABB açıqlama yayıb.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik", - məlumatda qeyd olunub.
