ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Kris Kristi uşaqlara marixuana tərkibli dərman təyin etməyə imkan verən qanunu imzalayıb.
Oxu.Az Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
İndi həkimlər uşaqlara marixuanalı həblər, kapsullar, damcılar və siroplar təyin edə biləcəklər. Qanunun tərəfdarları ümid edirlər ki, bu, həkimlərin imkanlarını genişləndirəcək. Buna baxmayaraq, marixuanalı preparatların təyinatı həm müalicə edən həkim, həm də psixiatr tərəfindən təqdir olunmalıdır. Bundan başqa, uşağın valideynləri də bu dərmanlardan istifadəyə razılıq verməlidirlər.
Yeni qanun həmçnin ştatda qanuni becərilməsi mümkün olan marixuana növlərinə məhdudiyyəti aradan qaldırır.
Əvvəllər Nyu-Cersidə marixuananın yalnız 3 növünü əkmək olardı.
Qeyd edək ki, Amerikanın bir çox ştatlarında marixuanadan tibbi preparatların tərkibində istifadəyə icazə var. O, bir qayda olaraq ağrıkəsici vasitə kimi istifadə olunur, marixuana tərkibli dərmanlar bir qayda olaraq xərçəng xəstəlikləri və dağınıq skleroz xəstəliyində faydalı hesab olunur.