Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ADR–100: Bakının azad edilməsi
Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.
Növbəti məqalədə ADR-in sentyabr 1918-ci il fəaliyyətinə yer verilib.
Sentyabrın 1-də Qafqaz İslam Ordusunun yaxın zamanda Bakını azad edəcəyi artıq aydın idi. Ordunun gəlişindən Bakını günlər, ya da aylar ayırırdı. Hər şey ingilislərin şəhərin müdafiəsini davam etdirmək, yoxsa etdirməmək istəyindən asılı idi.
Sentyabrın 1-də Lionel Denstervil Akop Baqratunidən (həmin vaxt bilavasitə cəbhə komandanı idi) ingilis qoşunlarının dərhal Bakıdan çıxarılması və şəhərin türklərə təslim edilməsi üçün “Sentrokaspi” Diktaturasına təzyiq göstərməyi tələb etdi.
Denstervilin yazdığına görə, cəbhə xəttində yalnız britaniyalı hərbçiləri görmək olurdu və onlar yorulub postlarını tərk etdikdə, türklər həmin mövqeləri tuturdu.
Cəbhə xəttində başqa qoşunlara rast gəlmək mümkünsüz idi, halbuki Baqratuni şəhərdə əlavə qüvvələrin olduğunu dəfələrlə qeyd edirdi.
Britaniya komandanlığı ilə Diktatura arasında ingilis qoşunlarının Bakıdan çıxarılması ilə bağlı danışıqlar başladı; proses iki həftəyə yaxın davam etdi. Diktatura kanonyorkaları ilə (orta kalibrli topları olan itigedən sahil mühafizə gəmisi) Britaniya qoşunlarının çıxarılmasına əngəl ola bilərdi, ancaq döyüşlərin gedişinə təsir etmək durumunda deyildilər.
Cəbhənin qarşı tərəfində Qafqaz İslam Ordusu Bakıya daxil olmağa hazırlıqlar görürdü.
Sentyabrın 2-də Rəsulzadə İstanbuldan xarici işlər naziri Hacinskiyə yazırdı:
“Bakının azad olunması üçün son dərəcə ciddiyyət və cəsarət göstərməlisiniz”.
Həmin dönəmdə neft və neft məhsulları üst-üstə yığılırdı və heç yerə çıxarılmırdı. Motivasiyanın artırılması üçün 1918-ci il, sentyabrın 3-də Türkiyə sultanı Qafqaz İslam Ordusunun şəxsi heyətinin mükafatlandırılması haqqında fərman verdi.
Mükafatlandırılanlar arasında Bakı soveti qoşunları ilə döyüşlərdə şücaət göstərmiş 19 azərbaycanlı zabit vardı. Həmin vaxt populyarlaşmaqda olan şair Əhməd Cavad səngərlərdə olarkən Qafqaz İslam Ordusuna həsr olunmuş şeirlər yazırdı.
Rusiya Bakının qaytarılması üçün hələ də əlindən gələni edirdi. Belə ki, Dəniz Məsələləri üzrə Xalq Komissarlığına vurduğu teleqramda bunları yazırdı:
“Cənub və Xəzər dənizi uğrunda mübarizə gedir. Bütün rayona nəzarəti əldə saxlamaq üçün yüngül tipli bir neçə mina gəmisinə və iki sualtı qayığa ehtiyac var”.
Ancaq bu ideya elə kağızda qaldı. Xəzər dənizinə heç bir sualtı gəmi daxil olmadı.
Diktatura ilə Denstervil arasında danışıqlar daxili siyasətdə qeyri-müəyyən vəziyyətə görə uzanırdı. Belə ki, avqustun sonunda – sentyabrın əvvəlində keçirilən və bolşeviklərin fəal şəkildə əleyhinə boykot çağırışı ilə çıxış etdiyi Bakı Soveti seçkilərində (səsvermə hüququ olanların 30-50 faizi seçkilərdə iştirak etmişdi) həmin vaxt həbsdə olan doqquz bolşevik Sovetə üzv seçildi.
Onlar toxunulmazlıq statusu əldə etdiklərinə görə azad edilməli idilər. Sovetdə davanın düşməsinə baxmayaraq, onların sərbəst buraxılmasına icazə verən olmadı. Bu mübahisələrin ən pik vaxtında, gözlənilmədən Diktaturada ingilislərə təzyiq göstərmək və Bakı uğrunda mübarizənin gedişini dəyişmək üçün stimul meydana çıxdı.
Faktiki olaraq iki gün ərzində Bakı limanına paroxodlar daxil olmağa başladı. İlk öncə Bakı limanına bir paroxod daxil oldu. Yerli əhali nədənsə bunu Biçeraxovun göndərdiyi yardım kimi qəbul etdi. Ancaq sonradan məlum oldu ki, sən demə, bu, sərnişin paroxodu imiş və Bakıdan qaçmağa çalışan, lakin məcburi şəkildə geri qaytarılan 500 sakini daşıyır.
Şəhərə əlavə qüvvələrin göndəriləcəyi ilə bağlı şayiələr yayılmışdı. Növbəti gün, sentyabrın 12-də Biçeraxovun göndərişi ilə Bakıya 500 nəfərlik şəxsi heyət və 10 pulemyotdan ibarət yardım göndərildi.
Əvvəl hamı onların kazaklar olduğunu düşünsə də, sonradan onların Biçexarovla bir çıxıb gedən, ancaq Dağıstanda quldurluq və soyğunçuluqdan başqa heç nə ilə yadda qalmayan, ona görə də geri göndərilən ermənilər olduğu ortaya çıxdı. Ancaq belə yardım vəziyyəti heç cür dəyişə bilməzdi.
Şəhərin azad olunmasına bir gün qalmış, hökumət sentyabr 17-də Qurban bayramının keçirilməsi haqqında qərar çıxarır, daha sonra isə Bakını idarə edəcək dövlət orqanlarının qurulmasına girişir. Bakı qradonaçalnikliyinin və quberniyasının maliyyələşmə sxemləri təsdiqlənir.
Daha əvvəl, Bakının azad olunmasından təxminən səkkiz gün qabaq Bakı şəhər məktəblərində təhsil alanlara kreditlərin verilməsi qaydaları asanlaşdırılır. Bununla yanaşı, hökumət Bakı əhalisinin beynəlmiləl olmasını nəzərə alaraq, məktəblərdə oxuyan qeyri-müsəlmanlara “Allah Qanunu” (mayda Bolşeviklər tərəfindən ləğv olunmuşdu) və ana dili fənninin tədris olunması haqqında qərar qəbul edir.
Bu fənlərin tədris olunması üçün sinifdə həmin millətdən olan nümayəndələrin sayı 10 nəfərdən çox olmalı idi.
Bütün bunlar onunla yekunlaşdı ki, 13 sentyabr, axşam saatlarında Nuru Paşa hərbi hissələrə Bakıya girmək əmrini verdi. Britaniyalıların hücum vaxtından bixəbər olmasına və müdafiə planı hazırlamalarına baxmayaraq, məlum oldu ki, Ermənistan hissələrinin əksəriyyəti cəbhə xəttini müdafiəsiz qoydu.
Britaniyalılar və kiçik fəhlə dəstələri təkbaşına müqavimət göstərməli oldu. Gün ərzində davam edən döyüşlərdən sonra, demək olar ki, bütün britaniyalılar cəbhə xəttindən geri çəkildi və keçidlərdə qərarlaşdı.
Sentyabrın 15-nə keçən gecə onlar Bakını tərk etdilər:
“Allahın köməyilə 30 saatlıq şiddətli müharibədən sonra, 15 sentyabr 1918-ci ildə, saat 9:00 radələrində Bakı azad olunub”.
Bakının azad olunmasına görə rəğbətləndirmə addımı olaraq, zabitlərin maaşı 150% artırıldı, əsgərlərə isə ayda 30 manat əməkhaqqı təyin olundu.
Bakıya daxil olduqdan sonra hökumət birbaşa olaraq öz işinin icrasına başlamalı idi. Artıq dövlətin normal fəaliyyəti üçün şərait var idi. Demək olar ki, dərhal dövlət məmurlarının əsas problemləri həllini tapdı: sentyabrın 18-də hökumət üzvlərinə dövlət tərəfindən mənzillər ayrıldı.
Sentyabrın 26-da onlara əməkhaqqı verildi. Daha sonra Bakı Şəhər Dumasının fəaliyyətinin bərpa olunması haqqında qərar çıxarıldı. Elə həmin gün onlara ən problemli sahə - şəhər və quberniyaların ərzaq təchizatı həvalə olundu. Bu, Bakının daha aktual problemi idi. Bakıda çay tapmaq kifayət qədər asan olsa da, şəkərdən əsər-əlamət yox idi.
Eyni problem taxıl və digər vacib məhsullar üçün də keçərli idi.
Bakı şəhər duması, ilin əvvəlində olduğu kimi, sonsuz müzakirələrdən savayı, heç bir şey təklif edə bilmirdi. Ona görə də 1917-ci ildə ev komitələrində birləşən yerli sakinlər ərzaq probleminin həllini öz əllərinə almağa qərar verdilər.
Sentyabrın 21-də Mərkəzi Ev Komitəsi (“Sentrodom”) həkim Q.B. Bronun rəhbərliyi altında ərzaq təminatı üzrə orqanın yaradılması haqqında qərar qəbul etdi.
Sentyabrın 27-dən etibarən bütün şəhər boyunca iaşə məntəqələrinin təşkilinə başlanıldı. Artıq sentyabrın 31-dən etibarən şəhərin müxtəlif yerlərində müvafiq məntəqələr yaradıldı.
“Sentrodom” belə bir qərara gəldi ki, bütün mümkün yollarla işin hökumətə (həmin vaxt ərzaq nazirliyi fəaliyyət göstərirdi) ötürülməsinə nail olmağa çalışacaq və bu müddəaların yerinə yetirilməsini kassada olan “son qəpiyinə və anbarda olan “son taxıl dənəsinə kimi” öz hesabına həyata keçirəcək.
İqtisadiyyat acınacaqlı vəziyyətdə idi. Hökumət ilk dönəmlərdə hansı valyutadan istifadə edəcəyini bilmirdi. Cənubi Qafqaz hakimiyyəti öz vaxtında istiqrazlar buraxmışdı və sazişlərə əsasən, onları davam etdirmək lazım idi. Ancaq Gürcüstan, Azərbaycan və Ermənistan arasında etibarın olmaması vahid valyuta sisteminin bərqərar olmasını mümkünsüz edirdi.
Həm Çar Rusiyası dövründə buraxılmış, həm də Bakı upravasının buraxdığı rubllar dövriyyədə qalmaqda idi. Maliyyə sisteminin nizamlanması üçün hökumət hələlik Bakı istiqrazlarından istifadə edirdi. Ancaq onlara az etibar olunduğundan hökumət sentyabrın 3-də türk lirəsi ilə nisbətdə 33%-lik devalvasiyaya getməli oldu.
1 lirənin məzənnəsi 30 rubldan 40 rubla qaldırıldı. Hökumət istiqrazları harada buraxacaqlarını bilmirdi. Türkiyə ilə bu istiqamətdə aparılan danışıqlar nəticə vermirdi. Yalnız sentyabrın 21-də Bakı şəhər ictimai özünüidarəetmə qurumunun istiqrazları tanınmağa başladı və demək olar ki, dərhal sentyabrın 25-də hökumət “Azərbaycan Respublikasının pul tədavülü məsələsi həllini tapana qədər” ümumilikdə 30 milyon rubl həcmində Bakı 50, 25 və 10 rublluq pul əskinazlarının buraxılması haqqında qərar çıxardı.
Maraqlıdır ki, pulların buraxılmasına 150 min rublun sərf olunacağı planlaşdırılırdı.
Bir müddət əvvəl tipoqrafiyanın dövlətin mülkiyyətinə keçməsinə baxmayaraq, iqtisadiyyatda real pullar yox idi. Ona görə də Rəsulzadə 500 min rubl avansın alınması ilə bağlı türk dəmiryolları idarələrindən biri ilə razılaşmaya gəldi. Həmin razılaşmaya görə, həmin məbləğ iki milyon rublluq məhsulların satışından sonra ödənilməli idi.
Türk şirkətlərindən biri üçün azad ticarət haqqında xüsusi saziş bağlandı. Rəsulzadə Azərbaycan milli valyutası ilə bağlı ideya ilə çıxış etmişdi. O, istiqraz əvəzinə qaimə, pulları “azəri” və “ağça” adlandırmağı, 1, 2, 5, 10, 25, 50, 100, 500-lük “azəri” əskinazları və 1, 5, 10, 15, 20, 25, 50-lik dəmir pul buraxmağı təklif edirdi. Ayın sonunda hökumət neft uçotu üzrə kontorları bərpa etməyə başladı.
Cəmil Cavadın dəstələri müqavimətsiz sentyabrın 25-də Şuşanı tutdu. Sentyabrın 26-da isə ən iri rusdilli qəzet – “Kaspi” qəzeti nəşr olunmağa başladı.
Xəlil bəy Xasməmmədov
(1873-1947)
Xəlil bəy Xasməmmədov 1873-cü ildə Yelizavetpol şəhərində doğulub. Orta təhsilini Yelizavetpol klassik gimnaziyasında alıb. 1895-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib. Yekaterinodar və Yelizavetpol məhkəmələrində işləyib.
1905-ci il rus inqilabı baş verəndə Yelizavetpolda idi.
Bu dönəmdə ictimai təşkilatların, “Difai” firqəsinin fəaliyyətində aktiv şəkildə iştirak etməyə başlayıb. Rusiyanın ilk müsəlman partiyası sayılan “İttifaqi-müslimin”ə üzv olub, onun qurultaylarında iştirak edib, hüquq komissiyasına üzvü seçilib.
Dövlət Dumasının II çağırışına seçkilər zamanı Yelizavetpol quberniyasından deputat seçilib. Dumada başqa müsəlman deputatlar kimi, kadetlər fraksiyasını dəstəkləyib, beş ayrı komissiyanın üzvü olub.
II çağırış Dumanın buraxılmasından sonra növbəti dəfə deputat seçilən Xasməmmədov III çağırış Dumanın yeganə müsəlman üzvü olub. O, məhkəmə islahatları layihəsinin, sorğuların hazırlanmasında iştirak edib. Çıxışlarında milli azlıqlara dövlət dili ilə yanaşıŞ, ana dilində təhsil almaq imkanının yaradılmasını tələb edib.
Öz çıxışlarında dəfələrlə qeyd edib ki, hökumət üçün ən önəmli məsələ dövlətin siyasi quruluşu deyil, bu quruluşun əhalinin istəklərinə cavab verməsidir.
Deputatlıq müddətinin başa çatmasından sonra, 1913-cü ildə Yelizavetpola qayıdıb və 1917-ci ildə yerli dumanın rəhbəri olub.
Fevral inqilabından sonra Türk federalistlər partiyasının təsis olunmasında iştirak edib, Bakı və Moskvada keçirilən müsəlman qurultaylarına qatılıb, “Müsavat” partiyası ilə birləşmə prosesində iştirak edib. “Müsavat”ın ilk qurultayında partiyanın Mərkəzi Komitəsinin üzvü seçilib.
Cənubi Qafqaz Komissarlığının və Seymin müsəlman fraksiyasının fəaliyyətində aktiv şəkildə iştirak edib. İstiqlal bəyannaməsindən sonra ədliyyə naziri vəzifəsinə təyin edilib, iyunun 17-də isə M.Ə.Rəsulzadə ilə birgə İstanbula yollanan nümayəndə heyətinin tərkibinə daxil olub.
Geri döndükdən sonra, ölkənin siyasi həyatında fəal iştirak edib, dördüncü kabinet istisna olmaqla, ölkənin bütün Nazirlər Kabinetlərində vəzifə tutub. Hüquq təhsili olduğunu nəzərə alaraq, ona Ədliyyə Nazirliyinə brəhbərlik etmək həvalə olunur. O, bir müddət daxili işlər naziri olub.
Sovet hakimiyyəti bərqərar olanda Azərbaycanın Türkiyədəki səfiri təyin olunur. Həmin vaxt Tiflisdə olduğundan Q.Ağayev və F.Xyoski ilə birgə “sürgündə olan Azərbaycan hökuməti” yaratmaq niyyətində olur. İyunun 19-da F.Xoyski öldürülür. Xoyskinin yanında olan X.Xasməmmədov boyun nayihəsindən yaralanır.
Bundan sonra İstanbula köçsə də, öz ictimai-siyasi fəaliyyətini dayandırmır. Azərbaycan və Dağlılar Respublikasında olan mühacirlərin birgə təşkilatının birinci sədri olur. 1942-ci ildə onun adı Berlinə dəvət olunan nüfuzlu siyasi mühacirlərin siyahısında yer alıb. İstanbulda, 1947-ci ildə dünyasını dəyişib.
Toğrul Maşallı
www.oxu.az
Rəylər