Ağdamda baş verən yol qəzası üç nəfərin xəsarət almasına səbəb olub.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Xındırıstan kəndində baş verib.
Kənd sakini, 1998-ci il təvəllüdlü Tengiz Tariyel oğlu Hüseynov atasına məxsus 50 BH 949 dövlət nömrə nişanlı “VAZ-21099” markalı minik maşınını aşırıb.
Nəticədə sürücü özü və sərnişinləri - Ağdam rayon Xındırıstan kənd sakini, 1996-cı ildə anadan olmuş İbrahimov Təbriz Natiq oğlu və həmyaşıdı, Ağdam rayonu Quzanlı qəsəbə sakini Abdullayev Şəhriyar Mais oğlu müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Tengiz Hüseynovun vəziyyəti ağır olduğundan, o, Bərdə Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Ağdam Mərkəzi Rayon Xəstəxanasından verilən xəbərə görə, yaralanan sərnişinlərin vəziyyəti kafidir. Sürücünün də həyatına təhlükə olmadığı bildirilir.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.