Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını intensiv şəkildə davam etdirir.
Oxu.Az xəbər verir ki, FHN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə görülən minatəmizləmə əməliyyatları ilə tanışlıq məqsədilə Ağdama mediatur təşkil edilib.
Tədbir zamanı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə hərbi hissənin komandiri polkovnik-leytenant Süleyman Hüseynov bildirib ki, minatəmizləmə əməliyyatlarına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən "GCS-200" markalı, məsafədən idarə olunan müasir minatəmizləyən robotlarla təchiz olunub:
"Əməkdaşlar bu sahə üzrə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər".
O əlavə edib ki, minatəmizləmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərdən də istifadə olunur.

FHN-in partlayış texniki gizir Şəmistan Əlizadə vurğulayıb ki, "GCS-200" markalı mexaniki mina təmizləmə vasitəsi ərazinin relyefindən asılı olaraq saatda 750-1 500 kvadratmetr sahəni təmizləmək gücünə malikdir.

Nazirliyin kinoloji taborunun təlimatçısı çavuş Fərid Rüstəmov isə deyib ki, heç bir texnika itin qoxubilmə qabiliyyətini tam əvəz edə bilməz:
"Metal detektorlar yalnız metal hissələrə reaksiya verdiyi halda mina axtaran itlər partlayıcı maddənin tam qoxusunu hiss edirlər. Bu da həm torpağın təmizlənmə sürətini dəfələrlə artırır, həm də təhlükəsizliyi maksimuma çatdırır".

Qurumun Tibb Mərkəzinin həkimi mayor Nizami İsmayılov vurğulayıb ki, minatəmizləmə işlərinə cəlb olunan istehkamçıların sağlamlıq və psixoloji vəziyyəti yoxlanılır, onlara ilkin tibbi yardımla bağlı təlimatlar verilir:
"İndiyədək minatəmizləmə zamanı hər hansı hadisə baş verməyib".