Ağdaş rayonunda özünü asan 12 yaşlı məktəblinin yazdığı məktub tapılıb.
Oxu.Az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, rayonun Ləki qəsəbə sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Hadisədən gec xəbər tutan valideynləri onun meyitini müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil veriblər.
Bir neçə aydır ki, dərsdən sonra “Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub tapılıb.
Məktubda bunlar qeyd edilib: “Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa, İsmayıl, qızı olsa Zəhra adı verin”.
İntiharın səbəbi məlum deyil. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
***
12:36
Ağdaşda intihar edən şagirdin ölümündə "Mavi Balina" izi aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Ağdaş rayonu Nehrəxəlilli kənd bələdiyyəsi sədrinin müavini 7-ci sinif şagirdi İsmayıl Adıgözəlovun intiharı haqda danışarkən deyib.
Onun sözlərinə görə, 12 yaşlı oğlanın hansı səbəbdən intihar etməsi məlum deyil: “Amma kənd camaatının dediyinə görə, uşaq hansısa intelektual oyun oynayırmış və valideynləri də onu oyuna girməyə qoymayıb.
Amma indi xəstəxanaya gedirəm. Dəqiq məlumatı orda biləcəm”.
Qeyd edək ki, mətbuatda Ağdaş rayonunun Ləki qəsəbəsində 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlovun yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar etdiyi barədə məlumat gedib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.
Xatırladaq ki, son günlər "Mavi balina" oyunu oynayan şagirdlər arasında intihar faktları qeydə alınıb.
***
10:40
Ağdaş rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
A.M.