“Torpaqlarımızın işğal altında saxlanılması digər cinayət əməlləri ilə yanaşı, həmin ərazilərin ekoloji terrora məruz qalmasına, fauna və floraya külli miqdarda ziyan vurulmasına gətirib çıxarıb”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Beynəlxalq bitki sağlamlığı ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda AQTA sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi yerinə yetirilməyib:
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Bərdə rayonlarına raket hücumları nəticəsində sentyabrın 27-dən bu günə qədər dinc əhali arasında çox sayda mülki vətəndaşımızın həlak olub, yaralanıb və böyük dağıntılar olub”.
O qeyd edib ki, dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı böyük resursların sərf edildiyi indiki şəraitdə iqtisadi və sosial vəziyyətə mühüm təsiri olan bitki sağlamlığının qorunması çox böyük önəm kəsb etməkdədir.
İlhamə Əbülfət