Mingəçevirdə “Azərbaycan” İES-də baş verən qəza bütün ölkəni işıqsız qoydu. Bu, böyük enerji qayğımızının olduğunu göstərir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban deyib.
Onun sözlərinə görə, dövlət qurumlarının reaksiyasına əsasən, problemin miqyası, həqiqətən də, böyük olub.
Ekspert maraqlı məsələyə diqqət çəkib:
“Niyə paytaxt təqribən üç saat işıqsız qaldı? Təkcə Abşeron yarımadasında “Azərenerji”nin 1437 MVt gücündə olan elektrik stansiyaları var. Yəni ümumi Azərbaycan üzrə gücün 46%-i burada toplanıb.
Həmçinin, Abşerondan başqa, bizdə 525 MVt gücündə Sumqayıt ES, 400 MVt gücündə “Şimal” ES, 300 MVt gücündə Səngəçal ES, Bakıda 107 və 105 MVt gücündə iki ədəd eletrik stansiyası var.
İndi sual olunur: elektrik enerjisi təsərrüfatına son 15 ildə 5 milyard dollar investisiya yatırılan ölkədə enerjinin paylanması və idarə edilməsi infrastrukturunu yaratmaq mümkün olmayıb?
Mingəçevirdə bir elektrik stansiyasında problem yaranıb və ölkə enerji kollapsı ilə üzləşib? 2002-ci ilin yayında baş verən hadisədən nəticə çıxarılmadı? Belə də enerji təhlükəsizliyi olar?”
İ.Şabanın sözlərinə görə, neft vəsaitlərindən gələn pulların elektrik güclərinin artırılmasına xərclənməsinə baxmayaraq, bütün ölkə XX əsrin ortasında olduğu kimi yenə də Mingəçevirdəki “Azərbaycan” İES-dən asılı vəziyyətdədir.
“Bütün bunlar ona görədir ki, “Azərenerji” deyilən qurumun rəhbəri öz işi ilə məşğul olmayıb.
Keçən ilin sentyabrında dünyanın ən uca bayraq saxlayan dirəyini inşa etdirdiyi üçün ölkə başçısı qarşısında öyünməkdənsə, işlə məşğul olmaq lazım idi”, - ekspert bildirib.
İ.Şaban qeyd edib ki, elektroenergetika sahəsində islahatlar olmasa, “bir daha işıqlar olmaya bilər”.
Əli Məmmədov
www.oxu.az
Rəylər