Mingəçevirdə yerləşən “Azərbaycan” İES-də baş verən qəza ilə bağlı olaraq ötən gecə ölkə ərazisi zülmətə qərq olub.
Qəzanın fəsadları bir çox sahədə özünü göstərib.
Sosial şəbəkə istifadəçiləri bu problemin radio və TV sahəsindən yan keçmədiyini bildirib. Onlar bəzi kanalların yayımında problem olduğunu bildirib.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Televiziya və Radio Şurasının texniki nəzarət şöbəsinin müdir müavini İsa Məmmədov bildirib ki, kanalların yayımı ilə bağlı heç bir problem yaşanmayıb.
“Kanallardan bununla bağlı bizə heç bir məlumat daxil olmayıb. Ümumi kanallara nəzarət zamanı da belə bir halla qarşılaşmamışıq”.
Xəzər TV-nin Proqramlar Depertamentinin rəhbəri Kənan Bayramov da saytımıza açıqlamasında belə bir problemlə qarşılaşmadıqlarını bildirib:
“Xəzər TV-nin yayımı ilə bağlı heç bir problem yaranmayıb”.
Bayramov radiolarla bağlı da heç bir problemin olmadığını vurğulayıb:
“Telekanalın binasında fəaliyyət göstərən “Xəzər” FM, 100.5 FM və “Araz” FM-də də problem yaşanmayıb”.
“Lider” TV-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Sədan Bünyadova kanalın yayımı ilə bağlı problemlə üzləşmədiklərini söyləyib:
“Ölkə ərazisində işıqların sönməsi “Lider” TV-nin yayımı ilə bağlı heç bir problem yaratmayıb”.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər