Aprelin 11-də Bakının Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının həyətyanı sahəsinin yamac hissəsində baş vermiş torpaq sürüşməsi ilə bağlı ərazidə istinad divarının tikintisi məsələsinə aydınlıq gətirilib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 2-də FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib və təhlükəli sahə lentlə işarələnib.
Yaxınlıqda yaşayan vətəndaşlara torpaq uçqunu baş vermiş əraziyə yaxınlaşmağın və həmin sahədən avtomobil dayanacağı kimi istifadə etməyin təhlükəli olduğu barədə xəbərdarlıq edilib.
Nazirlikdən qeyd olunub ki, aprelin 11-də intensiv yağışlar nəticəsində hadisə baş verdikdən sonra ərazidə istinad divarının tikintisinə qərar verilib. Bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılıb və istinad divarının tikinti layihəsi təsdiqlənib.
FHN-dən bildirilib ki, ən qısa müddətdə layihənin icrasına başlanılması nəzərdə tutulur.
Aprelin 11-də Bakının Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının həyətyanı sahəsinin yamac hissəsində torpaq sürüşməsi baş verib. İntensiv yağışlar nəticəsində yaranan sürüşmə zamanı torpaq kütləsi aşağıya doğru hərəkət edib və bir neçə avtomobil torpaq altında qalıb.
Hadisədən sonra əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Xətai Rayon İcra Hakimiyyəti ərazidə istinad divarlarının tikilməsi ilə bağlı qərar verildiyini və yaxın zamanda işlərə başlanılacağını açıqlayıb. Fövqəladə Hallar Nazirliyi isə zəruri sənədləşdirmə işlərinin aparıldığını, istinad divarının tikinti layihəsinin hazırlandığını və layihənin icrasına yaxın zamanda başlanılmasının nəzərdə tutulduğunu bildirib.
Lakin həmin ünvanda yaşayan sakinlər Oxu.Az-a müraciət edərək bildiriblər ki, aprelin 11-dən etibarən ərazidə heç bir iş aparılmayıb və sürüşmə sahəsi hasarlanmayıb.
Onların sözlərinə görə, avqustun 3-də istinad divarının tikintisinə tezliklə başlanılacağı bildirilsə də, indiyədək ərazidə heç bir iş görülməyib:
"Torpaq hər gün tökülür və sürüşmə sahəsi getdikcə genişlənir. Aidiyyəti qurumların planlaşdırılan işlərin nə vaxt həyata keçiriləcəyi ilə bağlı məlumat verməsini və problemin həlli istiqamətində tədbir görülməsini xahiş edirik".
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.