Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının həyətyanı sahəsinin yamac hissəsində baş vermiş torpaq uçqunu ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib və təhlükəli ərazi lentlə bağlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.
Bildirilib ki, cari il aprelin 11-də intensiv yağışlar nəticəsində qeyd olunan ərazidə uçqun hadisəsi baş verdikdən sonra istinad divarının tikintisinə qərar verilib:
"Bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılaraq istinad divarının tikinti layihəsi hazırlanıb. Layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulub.
FHN yaxınlıqda yaşayan vətəndaşlardan torpaq uçqunu baş vermiş sahəyə yaxınlaşmamağı və bu sahədən avtomobil dayanacağı kimi istifadə etməməyi xahiş edir".
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində torpaq sürüşməsinin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Oxu.Az-ın hadisə yerində olan əməkdaşı sürüşmədən sonra ərazidəki son vəziyyəti lentə alıb.
Həmin görüntüləri təqdim edirik:

Məhərrəm Əliyev
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində torpaq sürüşməsinin baş verdiyi ərazidə istinad divarlarının tikilməsi ilə bağlı qərar verilib.
Bu barədə Oxu.Az-a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, sözügedən ərazidə daha əvvəl də bənzər hallar baş verib:
"Bununla əlaqədar Xətai Rayon İcra Hakimiyyəti səlahiyyətləri çərçivəsində müvafiq qurumlara ətraflı məlumat verib. Qeyd edilən ərazidə istinad divarları tikilməsi üçün müvafiq qərar verilib, yaxın zamanda işlərə başlanılacaq".
"Xətai rayonu, Gəncə prospektində yaşayış binasından 24-25 metr məsafədə yerləşən, hündürlüyü 12-16 metr, uzunluğu 140-150 metr olan sərt kəsilmiş yamacın 28-30 metrlik hissəsində sürüşmə prosesi baş verib".
Bu barədə Oxu.Az-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş verib.
Onun sözlərinə görə, sürüşən torpaq kütləsinin həcmi təxminən 4.5-5 kubmetr təşkil edir.
Ərazi aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür.
Aygün Mirakif
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində torpaq sürüşməsi baş verib.
Oxu.Az İctimai TV-yə istinadən xəbər verir ki, sürüşmə nəticəsində avtomobillər torpaq qatının altında qalıb.
Həmin görüntüləri təqdim edirik: