"Bu gün Azərbaycanın 88 milyard ABŞ dollarını aşan xarici valyuta ehtiyatları mövcuddur. Bu da ölkəmizə güclü makroiqtisadi sabitlik və dayanıqlılıq təmin edir. Eyni zamanda, ölkəmizdə islam maliyyəsi məhsullarının inkişafını müşahidə edirik. İslam maliyyəsi sadəcə alternativ maliyyə modeli deyil. Bu model tərəfdaşlıq, risklərin bölüşdürülməsi, real iqtisadi fəaliyyətin dəstəklənməsi, uzunmüddətli investisiyalar prinsiplərinə əsaslanır".
Oxu.Az xəbər verir ki, bunu maliyyə nazirinin I müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci illik toplantısı çərçivəsində təşkil olunmuş "Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat" tədbirində bildirib.
O bildirib ki, islam maliyyəsinin inkişafı təkcə yeni bir bazar seqmentinin formalaşdırılması deyil:
"Bu, Azərbaycan üçün iqtisadiyyatın şaxələndirilməsi, maliyyə inklüzivliyinin genişləndirilməsi və özəl sektorun dəstəklənməsi istiqamətində həyata keçirilən daha geniş islahatların tərkibidir. Bu gün Azərbaycanda artıq təkaful (islam sığortası) üzrə xidmətlər təqdim olunur. Maliyyə institutları mürabahə və mudarabə kimi islam bankçılığı məhsullarını tətbiq etməyə başlayıblar. Bunlar sadəcə maliyyə alətləri deyil, həm də müştəriyönümlü yanaşmanın gücləndirilməsinə xidmət edən mexanizmlərdir. Özəl sektordakı tərəfdaşlarımızdan yeni İslam maliyyəsi təşəbbüsləri barədə məlumat alırıq və hesab edirəm ki, onların bir qismi yaxın gələcəkdə elan olunacaq".