Almaniya Federativ Respublikasının kansleri ABŞ prezidentinə 80 illik yubileyi münasibətilə hədiyyə təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Məlumatda bildirilib ki, Almaniya Kansleri Fridrix Merts Fransada keçirilən "Böyük yeddilik" (G7) sammitində ABŞ Prezidenti Donald Trampa qeyri-adi hədiyyə təqdim edib. İşgüzar görüş başlamazdan əvvəl Merts ABŞ liderinə üzərində Trampın soyadı və arxasında 47 nömrəsi olan Almaniya yığmasının ağ idman köynəyini təqdim edib.
Nömrə təsadüfən seçilməyib, çünki Donald Tramp Birləşmiş Ştatların 47-ci prezidentidir. Hədiyyə Trampın iyunun 14-də qeyd etdiyi 80 illik yubileyi münasibətilə gecikmiş təbrik olub.
ABŞ prezidenti bu hədiyyəni məmnuniyyətlə qarşılayaraq Almaniya kanslerinə öz minnətdarlığını bildirib. O, üzərində adı və xüsusi rəqəm olan formanı mətbuat nümayəndələrinə göstərdikdən sonra diqqətlə qatlayaraq yaxınlığındakı masanın üzərinə qoyub.
Qeyd edək ki, Merts Tramp üçün əlavə olaraq təbrik məktubu hazırlayıb və həmin məktub Vaşinqtona göndərilib.