Tərtər rayonunun Suqovuşan qəsəbəsində yenidənqurma və bərpa işləri uzun müddətdir ki, davam edir. Qəsəbə daxilində əsas yolların bərpası burada hərəkəti asanlaşdırıb. Enerji mənbəyi Tərtər stansiyası olan “Suqovuşan” yarımstansiyanın işə başlaması ilə qəsəbə artıq fasiləsiz elektrik enerjisi ilə də təmin olunub və yol kənarlarında yeni elektrik xətləri quraşdırılıb.
Suqovuşana gedərkən hər iki tərəfi yaşıl zolaqlardan ibarət olan yolda ard-arda dağılmış evləri görə bilərsiniz. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda gedən döyüşlər zamanı azad edilən qəsəbədəki bütün yaşayış evlərində müharibənin izləri var. Hansı ki, onların hər biri sizə yalnız böyük qələbəni xatırlada bilər.
Ərazidə əsas su ehtiyatı rolunu oynayan Kür çayının sol qolu olan Tərtərçay qəsəbəni iki yerə ayırır. Çayın uzunluğu 200 kilometr, hövzəsinin sahəsi 2 650 kvadrat kilometrdir. Tərtərçay Kür çayının Azərbaycan daxilində yüksək təzyiqli qollarından biri hesab edilir.
Nigar Məmmədova
FOTO: Tapdıq Abdullayev