Son illərdə istər dünyada, istərsə də ölkəmizdə internet vasitəsilə biznes quran şəxslərin sayı artmaqdadır. İnsanlar, əsasən, “YouTube” kanalları vasitəsilə öz ideya və fəaliyyətlərini təqdim edərək qazanc əldə edirlər. Beləliklə, “YouTube” təkcə videolar izləmək üçün yox, pul qazanmaq üçün də əlverişlidir.
Hazırda ölkəmizdə bu platformada vəziyyətin necə olduğunu öyrənmək üçün gənc “yutuber” Vəli Şükürzadə ilə söhbət apardıq.
V.Şükürzadə deyir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda “YouTube”a ayrılan pul çox aşağıdır, buna görə də daha çox qazanc əldə etmək mümkün deyil. Hazırda kanal sahibləri gəliri daha çox reklamlardan əldə edirlər.
Müsahibimiz bildirir ki, ölkəmizdə “YouTube” şəbəkəsində ən çox bayağı videolar izlənir:
“Bizdə ABŞ-dakı kimi deyil. Oranın baxış sayı başqadır, bizdə isə tamamilə başqa. Bizdə hər hansı repçi mahnısına bir-iki milyon baxış sayı görəndə sevinir. O baxışların da çoxu reklama qoymaqla gəlir. “YouTube”a hər hansı maarifləndirici video və bir bayağı video qoysanız, bir aydan sonra görəcəksiniz ki, maarifləndirici videoya baxanların sayı 5 mindirsə, digərində 200 mindir”.
“YouTube” kanalının bağlanmaması və inkişaf etməsi üçün diqqət edilməli məqamlara gəlincə, biznesin inkişafı üzrə mütəxəssis Nicat Manafov deyir ki, bu platformadan pul qazanmaq istəyənlər daha çox videoların içərisindəki reklamlara və məhsullara diqqət etməlidirlər: “Ümumilikdə isə Azərbaycanda “YouTube”dan gəlir gözləmək düzgün deyil”.
O qeyd edib ki, təhlükəsizliyə görə istifadəçilərin başqa mobil telefon və cihazdan öz hesablarına daxil olmaları məsləhət deyil.
İstifadəçilər, adətən, izləyici kütləsi topladıqdan sonra istəyirlər ki, öz “YouTube” kanalını rəsmiləşdirsin. Mütəxəssis bildirir ki, rəsmiləşdirmə üçün abunəçilər azı 100 mini keçməlidir.
İlhamə Kələyeva
Orxan Hüseynzadə
Valeh Arifoğlu