Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycandakı koronavirus laboratoriyalarının sayı açıqlandı - RƏSMİ + VİDEO
“Heydər Əliyev Fondunun Prezidenti, hörmətli Mehriban xanım Əliyevanın tapşırığı ilə biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik”.
Oxu.Az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr departamentinin sədri, deputat Soltan Məmmədov deyib.
O qeyd edib ki, koronavirus epidemiyası ilə mübarizənin ilk günlərindən TƏBİB və Səhiyyə Nazirliyinə dəstək göstərməyə başlayıblar:
“Bu istiqamətdə ölkədə laboratoriya sisteminin gücləndirilməsi üçün Bakı, Cəlilabad və Gəncə şəhərlərində Almaniyanın istehsalı olan dörd, Sumqayıt və Şəki şəhərlərində isə iki tam-avtomat laboratoriya qurularaq istifadəyə verilib.
Yüksək keyfiyyətli müayinələrin aparılması üçün Almaniya və İngiltərə istehsalı olan test kitləri təmin olunub. Xəstəxanalarda çalışan tibb personalının təhlükəsizliyini təmin etmək məqsədilə maska, tibbi geyim, eynək, əlcək və digər qoruyucu vasitələr alınıb. Tibb müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi üçün süni nəfəs aparatları, tibbi monitorlar və hemofiltrasiya cihazları təmin olunub.
Fondumuzun Prezidenti, hörmətli Mehriban xanımın tapşırığı ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində əhalinin maarifləndirilməsi üçün birgə kommunikasiya planı hazırlanıb və bu istiqamətdə mətbuat, ictimaiyyət, dövlət qurumları ilə əlaqələndirici iş aparılır.
Koronavirusla mübarizədə həkimlərimizə dəstək məqsədilə digər ölkələrlə təcrübə mübadiləsi üçün virtual təlimlərin təşkili və bu gün də Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə üç ay müddətində bizim həkimlərlə birgə çalışacaq 20 nəfərdən ibarət müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət qrupun Azərbaycana səfərinin təşkil olunmasına dəstək göstərmişik.
Heydər Əliyev Fondu tərəfindən eyni zamanda ölkədə uğurla həyata keçirilən sosial siyasətə dəstək olaraq ehtiyacı olan ailələrə ərzaq dəstəyi göstərilir. Ölkədə fəaliyyət göstərən uşaq evləri, körpələr evləri, internat məktəbləri, qocalar evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tələb olunan profilaktik tədbirlər görülüb və lazımi qoruyucu vasitələrlə təmin olunub.
Heydər Əliyev Fondu öz sosial missiyası çərçivəsində hər zaman ölkədə səhiyyənin inkişafına dəstək göstərib. Səhiyyə sahəsində illər boyu əldə etdiyimiz təcrübə və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qazanılan uğurlar bu gün bizə bu mübarizədə səhiyyəmizə lazım olan dəstəyi göstərməyə imkan yaradır.
Fondun rəhbərliyinin dəstəyi ilə biz uzun illərdir ki, ÜST ilə sıx və uğurlu əməkdaşlıq edirik. Bu gün başlanmasını elan etdiyimiz bu layihə bir daha Heydər Əliyev Fondunun hər zaman səhiyyəmizlə birgə olduğunu sübut edir. Fondumuz bu çətin günlərdə 24 saat iş başında olan səhiyyə işçilərimizə və hər bir vətəndaşımıza lazımi yardım göstərməyə hazırdır”.
İlhamə Əbülfət
Rəylər