Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti - "Global Infrastructure Partners"in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), "BlackRock" və "Global Infrastructure Partners" (GIP) şirkəti arasında Davosda imzalanmış uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyətinə toxunulub.
Qeyd edək ki, "Global Infrastructure Partners" (GIP) şirkəti dünya üzrə müxtəlif bazarlarda səhmdar və seçilmiş borc investisiyaları həyata keçirən ABŞ infrastruktur investisiya fondudur. 2024-cü ildə "BlackRock" GIP-i satın alıb.
GIP əsasən hava limanları, limanlar, enerji obyektləri, qaz infrastrukturu, bərpaolunan enerji, nəqliyyat, su və digər strateji infrastruktur aktivlərinə böyük məbləğlər yatırır.
2025-ci ilin oktyabrında GIP, "AI Infrastructure Partnership" və "MGX" investisiya şirkəti "Aligned Data Centers" şirkətinin bütün səhmlərini almaq barədə razılığa gəliblər. Əməliyyat Aligned şirkətini təxminən 40 milyard dollar dəyərində qiymətləndirib.
Satınalma 2026-cı ilin iyulunda tamamlanıb.
GIP-i alan "BlackRock" enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində ixtisaslaşmış qlobal investisiya şirkətidir
"Global Infrastructure Partners"in (GIP) idarə etdiyi aktivlərin həcmi isə 170 milyard ABŞ dollarıdır. Bu şirkət, həmçinin "BlackRock", "Microsoft" və "MGX" ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun əsas təsisçilərindəndir.