Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Esyasoft Holding" şirkəti arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, ADSEA-nın sədri Zaur Mikayılov və "Esyasoft Holding"in direktoru Bipin Çandra mübadilə ediblər.
Memorandum Azərbaycanda "Ağıllı Su Şəbəkəsinin İdarəetmə Sistemi"nin qiymətləndirilməsi, ümumi dizaynının hazırlanması və tətbiqinin planlaşdırılması sahəsində əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə tərəflər layihənin texniki, əməliyyat, kommersiya, maliyyə, tənzimləyici və kibertəhlükəsizlik aspektlərini əhatə edən texniki-iqtisadi əsaslandırmanı, həmçinin layihənin icra planını hazırlayacaqlar.
Layihə su ehtiyatlarının idarə edilməsi və paylanması infrastrukturunun modernləşdirilməsinə, texniki və kommersiya su itkilərinin azaldılmasına, eləcə də istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni sistem ağıllı su sayğacları vasitəsilə məlumatların məsafədən toplanmasını və emalını, su şəbəkəsinin monitorinqini, sızmaların aşkarlanmasını, təzyiqin idarə edilməsini və rəqəmsal hidravlik modelləşdirmə həllərini əhatə edəcək.
Sənədə əsasən, SOCAR layihənin maliyyələşdirmə modelinin və mümkün dövlət-özəl tərəfdaşlığı çərçivəsinin hazırlanmasına, həmçinin nasos sistemlərinin işinin optimallaşdırılması da daxil olmaqla, su təchizatı sistemləri üçün enerji səmərəli həllərin işlənib hazırlanmasına cavabdeh olacaq.
Layihənin icrasında "Esyasoft Holding"in smart kommunal texnologiyalar sahəsində beynəlxalq təcrübəsindən, həmçinin Azərbaycanda SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi ilə həyata keçirilən Ağıllı Qaz Şəbəkəsinin Transformasiyası Layihəsi çərçivəsində əldə edilmiş təcrübədən istifadə olunması nəzərdə tutulur. Bu təcrübənin su sektoruna uyğunlaşdırılması ağıllı sayğaclaşdırma, real vaxt monitorinqi, itkilərin aşkarlanması və məlumatlara əsaslanan şəbəkə idarəetməsinin inkişafına imkan yaradacaq.
11:44
Azərbaycanla İtaliya Futbol Federasiyası arasında strateji əməkdaşlıq başlayacaq.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf və İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo arasında əməkdaşlıq sənədi imzalanacaq.
Sənədin Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanması planlaşdırılır.
Bundan başqa, forumun ilk sessiyası çərçivəsində aşağıdakı sənədlərin imzalanması nəzərdə tutulur:
- Tikinti və inkişaf sahəsində əməkdaşlıq
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Anar Axundov və "ROX Group" Səhmdar Cəmiyyətinin baş icraçı direktorunun müavini tərəfindən;
- Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq
Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və "ROX Group" Səhmdar Cəmiyyətinin icraçı direktorunun müavini Ta Ngoc Da tərəfindən;
- Yeni texnologiya əsasında silisium karbidi, silisium oksidi və silisiumun istehsalı
Valeh Ələsgərov (Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri) və Vitali Yevdokimenko (Inovest AFEZCO-nun təsisçisi) tərəfindən;
- ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələri
Seymur Orucov (Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı) və Zoltan Peter Stuçlik (İsveçrənin "iCsquared GmbH" şirkətinin nümayəndəsi) tərəfindən;
Ağdam Quşçuluq Layihəsi
Ülvi Mansurov (Azərbaycan Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədri), Niyazi Əmirbəyov ("AgroDairy" MMC-nin Baş direktoru), Petr Çinqr ("AGROFERT, a.s."-in İdarə Heyəti sədrinin müavini) və Libor Nemeçek ("AGROFERT, a.s."-in İdarə Heyətinin üzvü) tərəfindən;
- Baytarlıq vaksinlərinin istehsalı layihəsi
Ülvi Mansurov (Azərbaycan Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədri) və Abdullah Tutak (direktor VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş.) tərəfindən;
- Əczaçılıq istehsalı müəssisəsinin yaradılması
Ülvi Mansurov (Azərbaycan Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədri) və Ondrej Draqun ("Saneca Pharmaceuticals, a.s." şirkətinin maliyyə direktoru) tərəfindən;
- Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən "AzərTürk Bank" ASC-də nəzarət hüququ verməyən payın əldə edilməsi
Dəyanət Sadullayev (Azərbaycan İnvestisiya Holdinqinin İcraçı direktorunun səlahiyyətlərini icra edən) və Saif Əl-Mahruqi (Oman İnvestisiya İdarəsinin G2G Fondları üzrə baş meneceri) tərəfindən;
- "Esyasoft", SOCAR və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq
Rövşən Nəcəf (SOCAR-ın prezidenti), Bipin Çandra ("Esyasoft"un nümayəndəsi) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndəsi (dəqiqləşdirilməlidir) tərəfindən;
- Azərbaycan və Ukrayna arasında investisiyaların təşviqi sahəsində əməkdaşlıq
Yusif Abdullayev (AZPROMO-nun icraçı direktoru) və Maryna Xlystun (UkraineInvest-in icraçı direktoru) tərəfindən;
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə "Microsoft Ireland Operations Limited" şirkəti arasında Anlaşma Memorandumu
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azər Bayramov və Microsoft-un Rumıniya, Moldova və MDB ölkələri üzrə baş direktoru Qabriela Popesku tərəfindən.