Xanagah şəlaləsinin səsini eşidib, o möhtəşəm mənzərəni izlədikcə, Bakının qızmar istisini unudub, dərindən nəfəs alıram: bütün yorğunluğumu elə bil dərin bir rahatlıq əvəz edir.
Ensiz cığırlarla axan bu şəlalə və eləcə də, digər görməli yerlər Cənubi Qafqazın ən böyük qorunan ərazisi olan Şahdağ Milli Parkında yerləşir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi “Təbiətimiz evimizdir” adlı layihəsi çərçivəsində mətbuat nümayəndələri bu dəfə əsası 2006-cı ildə qoyulmuş parka yollanıb.

Media-tur çərçivəsində ilk olaraq Şabran rayonunda yerləşən Nəzarət Məntəqəsi ilə yaxından tanış olduq.
Dağlıq ərazi, 49 marşrut xətti
Ərazisi 130 min hektardan çox olan park dağlıq ərazi olub, yaşıl meşə örtüyü, flora və faunası, təmiz havası ilə buraya gələnləri heyran edir.
Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının inzibati ərazisində yaradılmış parka gələn yerli və əcnəbi turistlər ümumilikdə 49 turist marşrut xəttindən yararlanmaq imkanı əldə edirlər. Bu təbii ki, onların arzu və istəklərinə uyğun olaraq seçəcəkləri marşrut xəttindən asılıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, hər kəs Azərbaycan milli parklarında istirahət edə bilər:
“Təbiət bəşəriyyətin insanlara bəxş etdiyi ən böyük nemətlərindən biridir. Ona ziyan vurmadan qoynunda dincəlmək, gözəlliklərindən zövq almaq mümkündür. Hər birimiz milli parklarımızda dincələ bilərik. Əsas odur ki, qaydalara riayət edək”.
Milli parkın təbiəti kimi, inzibati binasında yaradılmış şərait diqqətimizdən qaçmadı. Tanış olduğumuz xüsusi təyinatlı otaq, kitabxana, konfrans zalında gördüyümüz səliqə-səhman bunu deməyə əsas verir.
Parka gələn turistlər Ekoturizm mərkəzində yaradılmış imkanlardan istifadə edə bilərlər. Belə ki, mərkəzdə təklif edilən bələdçi xidməti onları parkla daha yaxından tanış olmağa kömək edir.
ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Bəhruz Məmmədov söhbətimizdə milli parkın relyefindən danışdı:
“Digər milli parklarımızla yanaşı Şahdağ milli parkın zəngin relyefi var. Azərbaycanın ən hündür zirvələri – Bazardüzü, Tufandağ, Şahdağ, burada yerləşir”.
Piknik, şəlalə
Burada, sadəcə, gəzmək yox, piknik etmək də olar. Bunun üçün xüsusi yerlər var. Lakin mənim diqqətimi daha çox yaşıl otluqların üzərində təşkil edilmiş xüsusi güşə cəlb etdi. Xalça üzərində sərilmiş döşəkçələr, mütəkkələr insanı bir anlıq nənə-babalarımızın yaşadığı dövrə aparır.

Siz özünüzlə yemək gətirib burada dincələ və nahar edə bilərsiniz. Sıx ağaclıqla əhatə olunmuş guşə qonaqlara ödənişsiz təqdim olunur.
Sıldırım qayalıqdakı Xanagah şəlaləsi marşrut xəttinin son dayanacağıdır. Öyrəndik ki, yağışlı günlərdən sonra şəlalənin suyu daha gur olur.

Siz şəlalənin yaxınlığında və sərin meşədə istirahət edə bilərsiniz. Bunun üçün parka giriş edən zaman yalnız iki manat ödəyirsiniz.
Parkda qaratoyuq, sarıköynək, cüyür, qonur ayı, dələ, canavar, tülkü, maral, yenot və ayıya rast gəlmək olar.

Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.
Qadağandır
Parka gələn turistlərə qadağalar barədə də məlumat verilir. Burada ovçuluq etmək, ağac kəsmək, müəyyən olunmuş yerlərdən kənar dayanacaqların təşkili və sair qadağandır. Şahdağ Mili Parkının ecazkar təbiəti bizi o qədər valeh etdi ki, vaxtın necə tez keçməsinin fərqinə varmadıq.

Biz də bir neçə saatlıq istirahətdən sonra “Yolçu yolda gərək”, - deyib Bakıya yollandıq. Siz də təbiətdən zövq almaq istəyirsizsə, yolunuzu bu parkdan sala bilərsiniz.
İlhamə Əbülfət
www.oxu.az