Güclü sel Azərbaycanın Oğuz rayonuna ciddi ziyan vurub, 50-dən çox yaşayış evini su basıb, 4 kənd işıqsız qalıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Kanal S məlumat yayıb.
Məlumata görə, ötən gün günün ikinci yarısında yağan bir saatlıq güclü yağış Əlican çayın daşmasına səbəb olub.
Nəticədə saat 17 radələrində başlayan güclü sel əkin sahələrini məhv edib, kəndlilərin mal-qarasını aparıb, təsərrüfata ziyan vurub. Seldən ən çox əziyyət çəkən məcburi köçkünlərin məskunlaşdığı Calut-2 yaşayış məntəqəsi olub. Burada çiy kərpicdən tikilmiş 50-dək yaşayış evini su basıb. Həyətlərdə suyun hündürlüyü 30 sm-ə qədər olub. Güclü sel həmçinin elektrik dirəklərini aşırıb. 4 kənd işıqsız qalıb. Bunun nəticəsində rayonun Bucaq, Calut, Muxas, Daşağıl kəndləri işıqsız qalıb. Hazırda enerji verlişinin bərpası üçün işlər davam etdirilir.