"AzerGold" QSC-nin 2030-cu ilədək fəaliyyəti üzrə əsas hədəfləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, bunu "AzerGold" QSC İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, son 10 ildə yalnız qızıl hasil edən şirkət kimi deyil, geoloji kəşfiyyat, əlvan və qara metal filizləri, sənaye partlayıcıları və qeyri-filiz sahələrini əhatə edən çoxşaxəli milli dağ-mədən şirkəti kimi formalaşan "AzerGold" 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevrilməyi hədəfləyir.
Z.İbrahimov qeyd edib ki, şirkət gəlir və məşğulluq göstəricilərinə görə Azərbaycanın qeyri-neft sənayesində aparıcı şirkətlərdən biri olmağı qarşıya məqsəd qoyub.
Sədr ekoloji təhlükəsizliyin dağ-mədən sənayesinin inkişafında mühüm məsələlərdən biri olduğunu vurğulayıb:
"Yeni layihələrin hazırlanması və icrası zamanı müasir ekoloji standartların tətbiqi, istehsal proseslərinin ətraf mühitə təsirinin minimuma endirilməsi və rekultivasiya tədbirləri nəzərə alınacaq".
Onun sözlərinə görə, qarşıdakı dövrdə yeni yataqların kəşf edilməsi, mövcud resurslardan daha səmərəli istifadə olunması və mineral xammalın daha yüksək əlavə dəyərli məhsula çevrilməsi əsas istiqamətlər olacaq:
"Bu, həm "AzerGold"un növbəti inkişaf mərhələsinin başlanğıcı, həm də bütövlükdə Azərbaycanın dağ-mədən sənayesinin qarşısında duran əsas çağırışdır".