2013-cü il ərzində Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 2 201 571 619 kubmetr həcmində təbii qaz satıb və qarşılığında 101,98 faiz vəsait toplayıb.
Oxu.Az-ın SOCAR-ın məlumatına istinadən verdiyi xəbərə görə, vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcminin çoxalması və bu səbəbdən istehlak edilmiş qazın dəyərinin abonentlər tərəfindən tam ödənilməməsi ilə əlaqədardır.
Həmin dövr ərzində yaranmış debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən etibarən abonentlər tərəfindən ödənilməyə başlayıb.
Qeyd edək ki, güzəştsiz əhali kateqoriyası üzrə ötən ilin yanvarın 1-nə mövcud olan debitor borc il ərzində 7,2 faiz azalıb. Yığım faizi isə 102,9 faiz təşkil edib. Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə ümumilikdə bu rəqəm 104 faiz, regionlar üzrə isə 101,9 faiz olmuşdur. Ölkə üzrə ən yüksək yığım faizi Xızı rayonunda qeydə alınıb - 121,44 faiz. Bakı şəhərinin rayonları içərisində isə ən yüksək göstərici Sabunçu rayonunda olub - 107,33 faiz.
2014-cü il yanvarın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 110 686 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmaqdadır.
Gülnarə Zeynalova
www.oxu.az