“Azərişıq” ASC regionlarda sosial aksiya həyata keçirərək, maddi ehtiyacı olan ailələrə ərzaq yardımı edib.
Oxu.Az xəbər verir ki, qurum bu dəfə şimal və qərb regionlarında yaşayan sakinlərə ərzaq sovqatı aparıb.
Ölkənin şimal və qərb regionlarında yaşayan şəhid, Qarabağ müharibəsi və aztəminatlı ailələrə, eləcə də tənha şəxslərə “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən müxtəlif ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.
Şimal regionunda Quba və Xaçmaz, qərb regionunda isə Gəncə şəhəri, Samux, Tovuz, Göygöl, Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax və Şəmkir rayonlarının müxtəlif qəsəbə və kəndlərində həyata keçirilən bu sosial aksiyada 700-dən çox ailəyə yardım edilib.
Ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə baş tutan aksiya sıravi vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. Sakinlər ölkə başçısına və aksiya təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.
#Evdəqal çağırışı dövründə həyata keçirilən bu sosial aksiya karantin qaydaları şəraitində ehtiyacı olan şəxslərə maddi və mənəvi dəstək olmaq məqsədi daşıyır. Aksiya digər regionlarda da davam etdiriləcək.