Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"AzParking" tətbiqində xəbərdarlıq funksiyası ləğv edilib? - RƏSMİ AÇIQLAMA
Bakıda sürücü "AzParking" tətbiqindən şikayət edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Sürücü bildirib ki, tətbiqin əvvəlki variantında avtomobil parklanma ərazisində bir saatdan çox qalanda 50-ci dəqiqədə vaxtın bitəcəyi ilə bağlı bildiriş gəlirdi, indi isə AYNA o funksiyanı ləğv edib:
"Nəticədə parkinq ərazisindən ödənişi edib çıxdıqda belə, əgər tətbiqdə getdiyini təsdiq etməyi unutsan, yenə də cərimə yazılır".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq artıq bir ildir ki, parklanma yerlərinin yeni qaydalar əsasında idarə olunduğu bildirildi.
"Bu qaydalar parklanma sahəsində nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və SMS vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir.
Parklanmaya görə ödənişin həyata keçirilməsi qaydalarına əsasən, sürücü avtomobili parklanma məntəqəsində park etdiyi zaman dərhal vaxtı açmalı və avtomobil məntəqəni tərk etdikdə sonlandırmalıdır. Bu prosesin düzgün reallaşdırılmamasına görə məsuliyyət bilavasitə sürücünün üzərindədir.
Qeyd edək ki, parklanmaya nəzarət edən xüsusi ayrılmış əməkdaşların hər məntəqədə olması mütləq və məcburi deyil. Hər bir parklanma məntəqəsində parklanmanın və ödənişlərin həyata keçirilməsi qaydalarını əks etdirən məlumat lövhələri quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiyaya uyğun olaraq, parklanma prosesini reallaşdıra bilərlər", - deyə açıqlamada vurğulanır.
Bildiriş sisteminin ləğvinə gəlincə, qurumdan bildirilib ki, belə bir hal yoxdur:
"Bu gün də 50 dəqiqə sonra vətəndaşa SMS vasitəsilə bildiriş gəlir".
Əzizə İsmayılova
Rəylər