"Paytaxtın Şıxəli Qurbanov küçəsində parklanma yerləri bərpa ediləcək".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

"Ərazidə xətlənmə işləri hələ yekunlaşmayıb. İşlər yekunlaşdıqdan sonra Şıxəli Qurbanov küçəsində parklanma yerləri əvvəlki qaydada təşkil ediləcək",- deyə T.Orucov bildirib.
Bakının mərkəzi küçələrindən birində təmir işlərindən sonra yerüstü parklanma yerlərinin olmaması diqqət çəkib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Müraciətdə qeyd edilib ki, Şıxəli Qurbanov küçəsində yeni xətlənmə işləri aparılıb.
"Bu küçədə təmir işlərindən sonra yeni xətlənmə işləri aparılıb. Xətlənmə zamanı mikromobillik zolağı çəkilsə də, avtomobillərin park edilməsi üçün nəzərdə tutulan yer xətlənməyib. Metronun "Nizami" stansiyasından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı istiqamətinə gələndə avtomobillərimizi park etməyə yer yoxdur. Ərazidə "Azparking"ə məxsus nişanlar isə yerində qalıb", - deyə məlumatda bildirilib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.



