Bakının mərkəzində yerləşən yeraltı parkinqlərdən birində şlaqbaumun nasazlığı sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı redaksiyanın qaynar xəttinə vətəndaş müraciəti daxil olub.
Müraciətdə bildirilib ki, Qış Parkının yeraltı parkinqində çıxış şlaqbaumlarından biri uzun müddətdir normal fəaliyyət göstərmir. Bu səbəbdən sürücülər giriş və çıxış zamanı çətinliklərlə üzləşirlər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran "AzParking"dən bildirilib ki, həftəsonu aparılan testlər tam yekunlaşdırılmadığı üçün sistemdə problemlər yaranıb.
"Bu gecə bütün işlər yekunlaşacaq. Təmassız, bilet almadan, növbə gözləmədən avtomatik keçid sistemi tam işlək vəziyyətdə olacaq. Ödəniş isə "AzParking" mobil tətbiqi vasitəsilə sürətli və rahat şəkildə, avtomobildən enmədən həyata keçiriləcək", - deyə qurumun açıqlamasında qeyd olunub.
Qeyd edək ki, Oxu.Az iyul ayının əvvəlində də eyni problemlə bağlı vətəndaş şikayətini işıqlandırmışdı. Həmin vaxt "AzParking" problemi üç gün ərzində aradan qaldıracağını bildirsə də, sürücülərin müraciətlərindən görünür ki, nasazlıq hələ də tam həllini tapmayıb.