Qadın Tennis Assosiasiyası (WTA) tərəfindən qəbul edilən yeni qərara əsasən, xanım idmançılar orqanizmdə kişi tipinə xas inkişafa səbəb olan SRY geninin mövcudluğunu yoxlayan xüsusi gender testindən keçməlidirlər.
Oxu.Az-ın məlumatına görə, bu barədə jurnalist Ben Rotenberq "X" şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, yoxlama zamanı idmançılardan ağız boşluğundan yaxma nümunəsi götürülür. Sözügedən genin aşkar edilmədiyi təqdirdə tennisçilərə WTA turnirlərində iştirak etməyə icazə veriləcək. Nəticə müsbət çıxarsa, idmançı əlavə tibbi yoxlamalardan keçmək məqsədilə yarışlardan müvəqqəti olaraq kənarlaşdırılacaq.
Bütün idmançıların imzalaması tələb olunan yeni sənədə əsasən, testdən keçməkdən imtina edilməsi assosiasiya tərəfindən müvafiq intizam cəzalarının tətbiqi ilə nəticələnə bilər.
Qeyd edək ki, 2026-cı ilin mart ayında Beynəlxalq Olimpiya Komitəsi transseksual idmançıların qadınlar arasındakı yarışlarda iştirakına qadağa qoyulmasına dair qərar qəbul edib.