"Hazırda beynəlxalq mediada ABŞ-nin İran istiqamətində mümkün quru əməliyyatlarına hazırlıq gördüyü barədə müxtəlif iddialar səsləndirilir. Lakin bu məlumatların əhəmiyyətli hissəsi rəsmi təsdiqini tapmayıb və daha çox hərbi-siyasi ehtimallar üzərində qurulan təhlillər xarakteri daşıyır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib.
O bildirib ki, ABŞ kimi qlobal güc üçün quru əməliyyatı ən mürəkkəb və yüksək riskli hərbi seçim hesab olunur:

"Belə qərar təkcə hərbi deyil, eyni zamanda siyasi, iqtisadi və diplomatik nəticələri baxımından geniş qiymətləndirilir. Vaşinqtonun indiyədək tətbiq etdiyi yanaşma göstərir ki, birbaşa genişmiqyaslı quru müdaxiləsindən daha çox hava zərbələri, dəniz qüvvələrinin fəaliyyəti, kəşfiyyat və regional tərəfdaşlarla əməkdaşlıq prioritet hesab edilir. Əgər Ağ Evdə təhlükəsizlik müşavirələri keçirilirsə, bu, ilk növbədə bütün mümkün ssenarilərin qiymətləndirilməsi kimi dəyərləndirilməlidir. Hərbi planlaşdırmada quru əməliyyatı variantının masada olması onun mütləq həyata keçiriləcəyi anlamına gəlmir.
Belə ssenari Yaxın Şərqdə təhlükəsizlik mühitini əhəmiyyətli dərəcədə dəyişdirə bilər. İran regionda geniş təsir imkanlarına malik dövlətdir və onun müxtəlif siyasi-hərbi tərəfdaşları mövcuddur. Bu səbəbdən mümkün quru əməliyyatı lokal qarşıdurmadan daha geniş regional təhlükəsizlik böhranına çevrilə bilər. Ən böyük risklərdən biri Hörmüz boğazında gərginliyin artması, enerji marşrutlarının təhlükə altına düşməsi və qlobal enerji bazarlarında qiymətlərin yüksəlməsidir. Bundan başqa, İraq, Suriya, Livan və digər bölgələrdə fəaliyyət göstərən silahlı qrupların prosesə cəlb olunması ehtimalı da nəzərə alınır. Məhz bu səbəbdən beynəlxalq ictimaiyyət uzun müddətdir hərbi eskalasiyanın qarşısının alınmasını və diplomatik kanalların açıq saxlanılmasını vacib hesab edir".
Onun sözlərinə görə, BMT Nizamnaməsinin prinsipləri, dövlətlərin suverenliyinə hörmət və beynəlxalq hüququn normaları regional sabitliyin əsas təminatları olaraq qalır:
"NATO daxilində vahid hərbi qərarın qəbul edilməsi ilə ayrı-ayrı üzv dövlətlərin siyasi bəyanatları fərqli məsələlərdir. Alyansın kollektiv müdafiə mexanizmi yalnız müəyyən hüquqi şərtlər daxilində işə düşür və İranla bağlı mümkün proseslərdə NATO-nun birbaşa iştirakına dair hər hansı rəsmi qərar mövcud deyil. İran isə adətən belə vəziyyətlərdə bir neçə istiqamətdə fəaliyyət göstərməyə çalışır. Bir tərəfdən, diplomatik platformalarda beynəlxalq dəstəyini genişləndirməyə, digər tərəfdən isə, çəkindirici potensialını nümayiş etdirməyə üstünlük verir.
Bununla yanaşı, regiondakı müttəfiqləri vasitəsilə siyasi və təhlükəsizlik təzyiqi formalaşdırmaq da Tehranın istifadə etdiyi alətlər sırasında qiymətləndirilir. Bununla belə, İran rəhbərliyi üçün də genişmiqyaslı müharibə ciddi iqtisadi və daxili siyasi risklər yaradır. Bu baxımdan, cavab addımlarının həm hərbi, həm diplomatik, həm də informasiya müstəvisində paralel şəkildə həyata keçirilməsi daha real görünür.
Ümumilikdə onu deyə bilərəm ki, mövcud geosiyasi vəziyyət göstərir ki, tərəflər arasında ritorikanın sərtləşməsinə baxmayaraq, diplomatik kanalların tam bağlanması heç bir aktorun maraqlarına uyğun deyil. Regionda uzunmüddətli sabitliyin təmin olunması yalnız beynəlxalq hüquqa əsaslanan dialoq, qarşılıqlı məsuliyyət və siyasi həll mexanizmləri vasitəsilə mümkün ola bilər. Bu baxımdan, yaxın günlərdə veriləcək rəsmi qərarlar və diplomatik təmaslar hadisələrin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillər olacaq".