Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti qavrama tərzinə ciddi təsir göstərə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "AKSONA" Mental Sağlamlıq Klinikasının ali dərəcəli KDT-terapevti və klinik psixoloqu Anjelika Yeryomenko məlumat verib.
Mütəxəssisin sözlərinə görə, rəng çalarları insanın emosiyalarına təsir edən mühüm amillərdən biridir. Onun fikrincə, bu prosesdə obyektin formasından daha çox rəngin tonunun və doyma dərəcəsinin rolu var.
Psixoloq bildirib ki, isti rənglərin orta dərəcədə doymuş çalarları insanda sevinc hissi yarada bilər. Lakin həmin rənglərin həddindən artıq parlaq və tünd tonları qıcıqlanma hissini gücləndirə bilər.
Anjelika Yeryomenko qeyd edib ki, hər bir rəngin özünəməxsus psixoloji və təkamül mənası var. Məsələn, qırmızı rəng enerji və təhlükə ilə əlaqələndirilir. Bu isə qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
Mavi rəng isə əksinə, insan psixikasını sakitləşdirir, diqqətin cəmlənməsinə və iş məhsuldarlığının artmasına kömək edir.
Ekspertin sözlərinə görə, yaşıl rəng harmoniya hissi yaradır və neytral rəng hesab olunur. Sarı rəng isə istilik, sevinc və nikbinlik hissi oyadır. Bununla belə, sarı rəngdən həddindən artıq istifadə bəzi insanlarda təşviş hissini artıra bilər.
Psixoloq iş mühiti üçün mavi və ya yaşıl rənglərə üstünlük verilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu rənglər diqqətin cəmlənməsinə və stresin azalmasına kömək edir. İstirahət məkanlarında isə yumşaq mavi, yaşıl və neytral tonlardan istifadə daha məqsədəuyğundur.