"Ukrayna-Rusiya müharibəsi xüsusilə Donald Trampla Vladimir Putin arasındakı münasibətlərin pisləşməsindən sonra - 7-8 iyulda Türkiyədə keçirilən NATO zirvəsinin ardınca yeni bir mərhələyə qədəm qoyub. Ələlxüsus Putinin son dövrlərdə Kiyevi dəfələrlə bombalaması ABŞ liderini ciddi şəkildə qəzəbləndirib. Tramp bunu "qırmızı xətt" kimi qiymətləndirirdi. Digər tərəfdən İran-ABŞ-İsrail qarşıdurması zamanı Rusiyanın İrana açıq şəkildə dəstək verməsi də Tramp ilə Putin arasındakı münasibətlərin pozulmasına səbəb olan amillərdən biri olub".
Bu sözləri Oxu.Az-a açıqlamasında türkiyəli politoloq, professor Hüsamettin İnaç deyib.

Onun sözlərinə görə, bu hadisələrdən sonra Trampın Ukraynaya və onun arxasında duran Avropadakı müttəfiqlərə daha çox yaxınlaşdığı müşahidə olunur:
"Son dövrlərdə transatlantik ittifaq zəifləsə və ABŞ-nin NATO-dakı çəkisi müəyyən qədər azalsa da, Tramp Avropasız yol getməyin mümkün olmadığını anlamağa başlayıb. Buna görə də Avropa ilə münasibətləri bərpa etmək istiqamətində addımlar atmağa çalışır. Xüsusilə Türkiyədə keçirilən NATO zirvəsində qəbul edilən qərarların NATO-nu Ukrayna müharibəsinə daha birbaşa şəkildə cəlb edə biləcəyi iddia olunur. Bu baxımdan, əgər müharibə ilə bağlı həll yolu tapılmasa, NATO-nun daha fəal rol oynaya biləcəyi və bunun ABŞ-nin də münaqişəyə birbaşa qoşulmasına gətirib çıxara biləcəyi ehtimal edilir".
"Bu proses fonunda mənəvi üstünlük qazandığı bildirilən Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya əhalisinin iqtisadi həyatına və gündəlik yaşayışına təsir göstərəcək intensiv hücumlar həyata keçirməyə başlayıb. Xüsusilə pilotsuz uçuş aparatları və kamikadze dronlardan istifadə edilən hücumların Rusiyaya ciddi ziyan vurduğu qeyd olunur. Digər tərəfdən Rusiyanın cəbhədə irəliləyiş əldə etməkdə çətinlik çəkdiyi bildirilir. Eyni zamanda Rusiya cəmiyyətində Putinə və müharibəyə verilən dəstəyin tədricən azaldığı iddia edilir. Habelə Rusiyanın ümumilikdə təxminən 1.5 milyon hərbi itki verdiyi, bunlardan 500 minə yaxın insanın həlak olduğu iddiası irəli sürülür. Bu səbəbdən yeni səfərbərlik üçün kifayət qədər gənc kadrların da azaldığı bildirilir. Bütün bunların nəticəsində Rusiyanın müharibəni davam etdirmək əzminin zəiflədiyi qiymətləndirilir. Bu kontekstdə NATO zirvəsindən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvaya səfəri xüsusi əhəmiyyət daşıyır. Yaxın vaxtlarda, müharibənin ilk aylarında İstanbulda keçirilən danışıqlara bənzər yeni diplomatik görüşlərin və atəşkəs danışıqlarının yenidən İstanbulda təşkil olunması ehtimalının getdikcə artdığı bildirilir. Çünki Türkiyə də bu müharibədən ciddi şəkildə təsirlənir və ölkənin indiyədək yürütməyə çalışdığı "aktiv tərəfsizlik" siyasətinin son mərhələyə yaxınlaşdığı düşünülür", - ekspert vurğulayıb.
O hesab edir ki, bu baxımdan yaxın gələcəkdə tərəflər arasında razılaşma üçün uyğun zəminin yaranacağına ümid var:
"Elə buna görə də yaxın zamanda Türkiyədə yeni atəşkəs danışıqlarının keçirilməsi heç kim üçün sürpriz olmamalıdır. Çünki Ukraynanın da bu müharibəni əvvəlki intensivliklə davam etdirmək imkan və qabiliyyətinin tədricən azaldığı qeyd olunur".