Samux rayonunda zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 12-də saat 19:00-dan başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə müraciətlər daxil olub.
"Pasiyentlərin vəziyyəti ilə bağlı ilkin tibbi qiymətləndirmə aparılıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentlərin vəziyyəti stabildir. Müvafiq instrumental müayinələr və araşdırmalar tamamlandıqda ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Samux rayonunda ət məhsulundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin sayı artıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, xəstəxanaya sözügedən faktla bağlı daha 5 nəfər gətirilib. Bunlar 2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Günay Əliyeva, 1986-cı il təvəllüdlü Nargilə Babayeva, 1974-cü il təvəllüdlü Tünzalə Cabbarova və 1984-cü il təvəllüdlü Şəmil Hacıyevdir.
Onlar Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.
Hazırda həmin şəxslərin tibb müəssisəsində müalicələri davam etdirilir.
Samuxda 5 nəfər xəstəxanaya yerləşdirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Alıuşağı kəndinin sakinləri olan 5 nəfər - 1976-cı il təvəllüdlü M.Allahverdiyeva, 1980-ci il təvəllüdlü A.Allahverdiyev, 1984-cü il təvəllüdlü S.Əliyev, 1986-cı il E.Cabbarov və 1975-ci il təvəllüdü M.Orucova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Yoluxucu xəstəliklər şöbəsində müalicəyə cəlb olunublar.
Əvvəlcə onların qidadan zəhərləndiyi ehtimal olunub.
Aparılan ilkin müayinələr nəticəsində onlarda qarayara xəstəliyinin əlamətlərinin olduğu müəyyən edilib.
Hazırda araşdırma aparılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Samuxda baş verən hadisə nəzarətdədir.
"Hadisənin səbəblərinin, həmçinin, qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə AQTA-da qeyd ediblər.
Samux rayonunda qidadan kütləvi zəhərlənmə olub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
İlkin məlumata görə, zəhərlənmə səbəbindən 5 nəfər Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxananın İnfeksion xəstəliklər bölməsinə yerləşdirilib.
Məlumata əsasən, zəhərlənmənin ət məhsulundan baş verdiyi ehtimal olunur. Xəstəxanaya yerləşdirilən şəxslərin Kəlbəcər və Daşkəsən rayonlarından, həmçinin Gəncə şəhərindən olduğu bildirilir.
Xəstəxanaya yerləşdirilənlər 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev və 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır.
Faktla bağlı araşdırma aparılır.