Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın balanslaşdırılmış xarici siyasətini davam etdirmək niyyətində olduğunu ifadə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində "Rossiya" telekanalının jurnalistinin sualını cavablandırarkən danışıb.
"Biz, dediyimiz kimi, balanslaşdırılmış xarici siyasəti davam etdirməyi planlaşdırırıq", - deyə Paşinyan bildirib.
Paşinyan həmçinin rusiyalı jurnalistin Ermənistanın Avropa İttifaqı ilə daha da yaxınlaşmasına dair təxribatçı sualına Rusiya KİV-in "iki stulda oturmağa" çalışmaqla bağlı ən çox bəyəndiyi ifadə ilə cavab verib.
"Niyə iki stulda? Biz bir erməni stulunda oturmuşuq, ona görə də bizim iki stula ehtiyacımız yoxdur", - deyə Ermənistanın baş naziri qeyd edib.
Daha sonra jurnalist Paşinyandan Ermənistanın Avropa bazarına ixracının perspektivləri barədə soruşub. O, Avropa tərəfinin meyvə-tərəvəz də daxil olmaqla, Ermənistan kənd təsərrüfatı məhsullarının 99%-nin Aİ bazarına daxil olması imkanı barədə bəyanatını xatırladıb və Ermənistan baş nazirinin avropalıların öz vədlərini yerinə yetirməməsindən narahat olub-olmadığını soruşub.
"Niyə ki? Niyə bizi aldatmalıdırlar ki?" - deyə Paşinyan cavab verib.
"Bəli, biz bütün tərəfdaşlarımızla birlikdə dürüst, açıq olmağa çalışırıq və qarşılıqlı münasibətlərə ümid edirik", - deyə Ermənistan baş naziri əlavə edib.