Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada baş verən şübhəli ölümü ilə əlaqədar aparılan istintaq çərçivəsində yenidən gündəmə gələn "Kurtlar Vadisi" serialına dair naməlum detallar və kadr arxasında baş verənlər aydınlaşmaqdadır.
Oxu.Az xəbər verir ki, layihədə "Abidin" rolunu canlandıran təcrübəli aktyor Abidin Yerebakan "A Haber" kanalına müsahibəsində maraqlı açıqlamalar verib.
Tanınmış sənətçi ekran işinin süjet xəttini dəyişən məqamlar, prodüser Osman Sınavın qəfildən serialı tərk etməsinin səbəbləri və həmin vaxt cərəyan edən maraqlı proseslər haqqında bunları qeyd edib:
"Həmin dövrdə biz ümumi mənzərəni dərk etmirdik. Osman Sınavın gedişi hamımızı heyrətləndirmişdi. Biz hadisələri ekranda izləyir, üç gün keçdikdən sonra isə eynisini real həyatda yaşayırdıq".
Kozinoğlunun cəzaçəkmə müəssisəsində şübhəli ölümü istiqamətində aparılan istintaq zamanı ssenari müəlliflərinin dindirilməsi, Türkiyə televiziya məkanının ən reytinqli layihələrindən sayılan "Kurtlar Vadisi"ni bir daha ictimaiyyətin diqqət mərkəzinə gətirib.
Hüquqi araşdırmalar gedişatında "Kurtlar Vadisi"nin ssenaristləri olan Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan şahid qismində dindiriliblər. Eyni zamanda, istintaq materiallarına serialda "Kazım Kaşifoğlu" rolunu ifa edən Sedat Savtak və "Ömer Baba" kimi tanınan Emin Olcayın da ifadələri əlavə olunub. Bu proses ekran işindəki bəzi xarakterlər və situasiyalarla real həyatdakı Kaşif Kozinoğlu hadisələri arasındakı ehtimal edilən bağlılıqları bir daha gündəmə daşıyıb.