İnterpolun qırmızı bülleteni ilə axtarılan və kriptovalyuta dünyasında "Balina" ləqəbi ilə tanınan Riçard Ceyms Şüle İstanbulda keçirilən reyd zamanı saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Haber7.com məlumat yayıb.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən 1.5 milyard dollarlıq fondu mənimsəməkdə təqsirləndirilən Şülenin izinə MİT əməkdaşları düşüblər.
Kəşfiyyat tədbirləri nəticəsində onun İstanbulun Beşiktaş rayonunda gizləndiyi ünvan müəyyən edilib və məlumat hüquq-mühafizə orqanlarına çatdırılıb.
İstanbul Baş Prokurorluğu, Milli Kəşfiyyat Təşkilatı (MİT), Maliyyə Cinayətlərinə qarşı Mübarizə Şöbəsi və İnterpolun koordinasiyası ilə 14 oktyabr 2026-cı il tarixində əməliyyata başlanılıb. Xüsusi təyinatlı polislərin də iştirak etdiyi əməliyyatda Şüle yaxalanaraq nəzarətə götürülüb.
Şübhəlinin gizləndiyi ünvanda axtarış aparan qruplar böyük bir sərvət aşkar ediblər. Axtarışlar zamanı 4 milyon dollar nağd pul, 53-ü "Rolex" və 11-i "Patek Philippe" olmaqla 64 lüks saat, çoxlu sayda zinət əşyası, odlu silah, gizlədilmiş kompüter, kriptovalyuta "mayninq" cihazı və elektron avadanlıq müsadirə edilib.
Aparılan istintaq zamanı Şülenin İstanbul mərkəzli beynəlxalq fırıldaqçılıq şəbəkəsi qurduğu üzə çıxıb. Şübhəlinin ABŞ, Finlandiya və İspaniyada fəaliyyət göstərən ofisləri vasitəsilə qlobal miqyasda dələduzluq əməliyyatlarını idarə etdiyi iddia olunur. Reyd zamanı müsadirə edilən rəqəmsal materialların və elektron cihazların ekspertizası davam edərkən, nəzarətdə olan Şüle ilə bağlı məhkəmə prosesi davam edir.