30 may 2014-cü il tarixində Bakı şəhəri Sabunçu rayonu 213 saylı orta məktəbdə “Son zəng” ilə yanaşı, şəhid Müşfiq Orucovun xatirəsinə həsr olunmuş tədbir də keçirilib.
Müşfiq Orucov bu məktəbin məzunu olub. Tədbirin mayın 30-da qeyd edilməsinə səbəb şəhidin məhz bu gün anadan olmasıdır.
Oxu.Az-ın müxbiri və fotoqrafı da bu tədbirə dəvət edilmişdi.
“213 saylı məktəb 1994-cü ildən rəsmən Müşfiq Orucovun adını daşıyır”.
Bu barədə Oxu.Az-a məktəbin direktoru Yasin Əliyev deyib.
Amma qeyd etmək lazımdır ki, bu məktəbin məzunlarından daha dörd nəfər Vətən uğrunda şəhid olub. Müşfiq Orucov da daxil olmaqla şəhidlərin beşinin də adı məktəbin tarixinə yazılıb və daima yad edilir.
Bunlar Müşfiq Orucov, Teymur Mustafayev, Əli Qasımov, Etibar Yaqubov və Nadir Babaxanovdur.
Məktəbin foyesində Müşfiq Orucovun büstü qoyulub. Məktəb şagirdləri və müəllimlər bura gül dəstələri ilə gəlir.
Tədbir zamanı ilk öncə məktəbin direktoru çıxış edib. Onun sözlərinə görə, yalnız mayın 30-da yox, bütün əlamətdar günlərdə şəhidlərə həsr olunmuş tədbirlər keçirilir:
“Biz şəhidlərimizin beşini də yada salırıq. Çünki onlar bizim məktəbin məzunlarıdır. Onlar hamısı bizim üçün əzizdir. Onlar Vətən uğrunda öz canlarını veriblər. Biz onlarla fəxr edirik. Bizim məktəbdə Müşfiqə dərs deyən müəllimlər də onun haqqında şagirdlərə danışır, öz xatirələrini paylaşırlar. Şəhidlərimiz gələcək nəsil üçün bir nümunə olaraq qalır”.
Sonra Müşfiq Orucovun ilk müəlliməsi Məhbubə Bayramova çıxış edərək deyib:
“Müşfiq məktəbimizin fəxri olmaqla bərabər bütün Azərbaycanın fəxridir. O uşaqlıqdan, məktəb illərindən mehriban, cəld, çevik, uşaqların qayğısına qalan bir şagird olub. Belə oğulları yetişdirdiyinə görə Azərbaycan xalqı sağ olsun”.
Sonra Müşfiqin ingilis dili müəlliməsi Qalina Çobanova öz xatirələrini bölüşüb:
“Mən Müşfiqi çox yaxşı tanıyırdım. O, məktəbin rus bölməsində oxuyurdu. Mən ona ingilis dili dərsi deyirdim. O, çox tərbiyəli, nəzakətli bir şagird idi. Müşfiq məktəbi bitirdikdən sonra kiçik qardaşı Ədalətin valideyn iclaslarına da gəlirdi. O, sonuncu gəlişində mənə dedi ki, “heyf ki, ingilis dilini öyrənmirdim. İnşallah, söz verirəm, müharibə qurtaran kimi, dərslərə başlayacağam”. Əfsuslar olsun ki, bu, ona qismət olmadı. Müşfiq həmişə bizim ürəyimizdə yaşayacaq”.
Sonra birinci sinif şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Qeyd edək ki, Müşfiq Orucov 30 may 1968-ci ildə Qazax rayonunda anadan olub. 1985-ci ildə 8-ci sinifi bitirdikdən sonra, təhsilini 88 saylı texniki peşə məktəbində davam etdirib. Sovet Ordusunda 6 ay kəşfiyyatçı kimi yetişdikdən sonra 1987-ci ildə Əfqanıstanda gedən döyüşlərdə iştirak edib. 1988-ci ildə Azərbaycana dönərək xüsusi təyinatlı polis dəstəsində xidmət edib. Sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Qazax, Füzuli, Şuşa və digər istiqamətlərdə iştirak edib.
1993-cü il dekabrın 13-də Füzuli rayonunda gedən ağır döyüşlərdən biri zamanı komandirini qoruyarkən düşmən gülləsinə tuş gəlib.
Müşfiq Orucovun atası Davud müəllim oğlundan söhbət açarkən sanki bir hekayə haqqında danışırdı. Oğluna Azərbaycanın məşhur şairi Mikayıl Müşfiqin adını verib. O, məktəbdə olanda müəlliməsi ona deyib ki, sən də şair olacaqsan, o isə polkovnik olmaq istəyirdi. O öz arzusuna çatmadı, amma o daha gözəl peşəni – Vətənin keşiyində dayanmağı seçdi.
Onu da qeyd edək ki, Müşfiq Xocalıdan olan iki uşağı – qız və oğlanı öz himayəsinə götürərək onları üç il ərzində valideynləri uşaqları tapana qədər öz ailəsində böyüdüb.
Ona həsr olunmuş şeirdə deyilir:
“Ömürləri yetməsə də heç otuz yaşa,
Əməlləri bəs eyləyər bəlkə yüz ilə.
Azadlığı boğanlarla girib savaşa,
Bir şərəfli ad qoyublar obaya, elə...”.
Gülnarə Zeynalova
Foto: Nüsrət Abdullayev
www.oxu.az