Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığındakı yüksəkliklərdən rayonun təmas xəttində yerləşən Alxanlı kəndini atəşə tutublar.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, erməni silahlı bölmələri günorta saatlarında Alxanlını atəşə tutublar.
Atəşkəsin pozulması nəticəsində kənd sakinlərindən xəsarət alan olmayıb. Həmçinin erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrimizin üzbəüz mövqeləri də atəşə tutulub. Hazırda bölgədə sakitlik hökm sürür.
Qeyd edək ki, ötən gecə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 75 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Mərzili, Tərtər rayonunun Seysulan, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.