"Azərbaycanda nəqliyyat və telekommunikasiya sahəsinin təkmilləşdirilməsi məqsədilə investisiyaların təmin edilməsi üçün beynəlxalq məsləhətçi şirkətlə 10 prioritet istiqamət üzrə xüsusi proqram işlənib hazırlanıb".
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində "AZCON Holding"in icraçı direktoru Şahin Babayev bildirib.
Onun sözlərinə görə, miqyaslı layihələrin reallaşdırılması üçün beynəlxalq maliyyə qurumları, strateji tərəfdaşlar və xarici investorlarla birgə fəaliyyət zəruridir: "Bu məqsədlə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində inşa ediləcək 10 metro stansiyası, eləcə də Azərbaycan Dəmir Yollarının infrastruktur potensialının artırılması istiqamətində Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və Dünya Bankı ilə sıx əməkdaşlıq prosesi artıq start götürüb. AİİB ilə "Bakı metrosunun genişləndirilməsi layihəsi - I mərhələ" çərçivəsində 180 milyon ABŞ dolları məbləğində maliyyələşmə müqaviləsi imzalanıb. Bundan əlavə, investisiyaların təmin edilməsi sahəsində beynəlxalq məsləhətçi şirkət cəlb olunub və investisiya mühitinin cazibədarlığının yüksəldilməsi naminə 10 prioritet istiqamət üzrə xüsusi proqram işlənib hazırlanıb".
Ş.Babayev əlavə edib ki, əsas hədəf investisiya layihələrinə investorların cəlb edilməsidir: "Bilik paylaşımı, kadr resurslarının tənzimlənməsi, mütəxəssislərlə qarşılıqlı təlimlərin həyata keçirilməsi istiqamətində də ardıcıl görüşlər davam etdirilir. Bu proses artıq təkcə görüşlər formatında deyil, həm holdinqlərlə qarşılıqlı əməkdaşlıq mexanizmi şəklində icra olunur".