Kubra Məhərrəmova yazır...
Bir neçə gün əvvəl məlumat yayıldı ki, altı illik fasilədən sonra Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bərpa olunur.
Xəbər yayılan kimi sosial şəbəkələrin Azərbaycan seqmentində ənənəvi proses başladı. Bir qrup istifadəçi bunun yalan xəbər olduğunu, yerli medianın ictimaiyyəti aldatdığını iddia etdi. Hətta bəzi hallarda xəbəri paylaşan media qurumlarına qarşı təhqir və söyüşlərdən də istifadə olundu.
İkinci gün artıq məlum oldu ki, məlumat həqiqətə uyğundur və qatar həqiqətən fəaliyyətə başlayır. Bundan sonra narazılığın istiqaməti dəyişdi. Bu dəfə əsas müzakirə mövzusu biletlərin qiyməti oldu.
Dünən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) biletlərin satış qiymətlərini açıqladı və sosial şəbəkələrdə yeni müzakirə dalğası başladı. İstifadəçilərin bir qismi qiymətlərin baha olduğunu iddia etdi və gediş haqqının daha ucuz olmalı olduğunu yazdı.
Qeyd edim ki, ADY-nin rəsmi məlumatına əsasən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gediş haqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Bakıdan Tbilisiyə minimum gediş haqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına qədər isə qiymət 51 AZN təşkil edir.
"Tbilisi yürüşü"nün üçüncü günündə isə yeni narazılıq dalğası başladı, yazdılar ki, niyə Bakı-Tbilisi qatarı mənzil başına doqquz saata çatacaq?
"Azərbaycan Dəmir Yolları"ndan bildirildi ki, Qardabani-Tbilisi hissəsində sürətin nisbətən aşağı olması həmin ərazidə infrastrukturun vəziyyəti ilə bağlıdır. Bundan əlavə, sərhəd-keçid və gömrük prosedurlarına da təxminən iki saat vaxt ayrılır.
Qısa məlumat üçün qeyd edim ki, Bakı-Tbilisi arası məsafə təxminən 550 kilometrdir. Əgər sərhəd və gömrük yoxlanışına sərf olunan vaxtı çıxsaq, faktiki hərəkət müddəti təxminən 7 saat edir. Avtomobillə belə bu məsafənin minimum 6-7 saat çəkdiyini, sərhəddə isə bəzən saatlarla növbə yarandığını nəzərə alsaq, məsələ daha aydın görünür.
Lakin maraqlıdır ki, bütün izah və arqumentlərdən sonra belə sosial şəbəkələrdə konspiroloji nəzəriyyələrə inananların sayı azalmır. Faktlar təqdim olunur, rəsmi açıqlamalar verilir, amma yenə də emosional yanaşma üstünlük təşkil edir.
Əlbəttə, burada qeyri-adi heç nə yoxdur. Hər kəs seçimində azaddır. Sadəcə son üç gündə baş verənlər sosial şəbəkələrin ümumi psixologiyasını bir daha açıq göstərdi.
Birinci gün:
"Bu xəbər yalandır!"
İkinci gün:
"Əgər qatar fəaliyyətə başlayırsa, niyə biletlər satışda yoxdur?"
Üçüncü gün:
"Niyə qatar mənzil başına doqquz saata çatır?"
Sosial şəbəkələrin Azərbaycan seqmentində yazılanları oxuyub təhlil edəndən sonra onların içərisindən bir neçə "çıxarış" edib aidiyyəti qurumların diqqətinə çatdırmaq istəyirəm:
1. Bakı-Tbilisi qatarının minimum gediş haqqı 20 manat olmalıdır.
2. Gürcüstana səyahət edən hər bir azərbaycanlıya əlavə 500 manat verilməlidir.
3. Gürcüstana gedən bütün vətəndaşlar hotellərdə ödənişsiz yerləşdirilməlidir.
4. Gürcüstan ərazisində bütün restoran və kafelərdə azərbaycanlılara pulsuz xidmət göstərilməlidir.
5. Daxili nəqliyyat xərcləri tam şəkildə qarşılanmalıdır.
6. Geri dönüş isə hava nəqliyyatı ilə və təbii ki, ödənişsiz təşkil edilməlidir.
Ümid edirəm aidiyyəti qurumlar bu "ictimai sifarişi" nəzərə alacaq və sosial şəbəkə istifadəçilərinin bütün gözləntilərini qarşılayacaq.
Sonda qeyd etmək istərdim ki, sosial şəbəkələrdə istənilən məsələ ilə bağlı ilkin reaksiyanın emosional və aqressiv olması artıq adi hala çevrilib. Təəssüf ki, bir çox hallarda rəsmi məlumat tam açıqlanmamış müxtəlif fərziyyələr dövriyyəyə buraxılır, faktlar təsdiqlənəndən sonra isə narazılıq sadəcə başqa istiqamətə keçir.
Əlbəttə, dövlət qurumlarının operativ kommunikasiya aparması həmişə faydalıdır. Amma istənilən məsələdə əvvəlcə faktları gözləmək, daha sonra münasibət bildirmək daha sağlam yanaşma olardı. Çünki informasiya boşluğu yaranan kimi onu ekspert rəyi yox, emosional statuslar və söyüşlər doldurur.
Bütün hallarda Bakı-Tbilisi qatarının yenidən fəaliyyətə başlaması regionda nəqliyyat əlaqələrinin inkişafı və vətəndaşlar üçün alternativ səfər imkanlarının genişlənməsi baxımından müsbət addımdır.